Postmodernizm, kinayə, həzz – Umberto Eko

Yazar Unknown вторник, 24 февраля 2015 г. 0 коммент.

Professor Asif Hacılının tərcümə və təqdimatında:

 MANİFESTLƏR 


Postmodernizm    anlayışı,  əsasən, iki mənada anlaşılır: mədəniyyət və ədəbiyyatın bütün üslub və imkanlarının sinkretik qarışıqlığından ibarət müasir vəziyyəti; moderndən «sonra» deyil, onunla yanaşı meydana çıxan konseptual yanaşma, müxtəlif mərhələlərdə aktuallaşan xüsusi yaradıcılıq növü. Dəyərlərin tənasübünü qəbul edən, özünü keçmişlə tutuşduran, utopiyaya inanan modernizmdən fərqli olaraq, postmodernizmə sabit ənənə, dəyərlər tənasübü, qiymətləndirmə yaddır. Əgər ənənəvi mədəniyyət dünyanı və bu dünyada insanı əks edirdisə (modernizm - ekstremist formalarda olsa da təcridlənmiş şəxsiyyətin dünyasını), postmodernizm özü-özünü əks və ifadə edir, qapanır.  Hər şeyə şübhə edilir və eyni zamanda bu şübhəli ifadə olunur. Yaradıcılıq oyuna, dünya mətnə çevrilir. Dünya inikas edilmir, dünya-mətn yaradılır, özü də bir yox, çoxlu dünyalar. Obyektiv reallıq virtual dünyayla əvəzlənir. Orteqa-i-Qasset, C. Derridanın  fəlsəfəsinə dayanan postmodernizm «təmiz» fəlsəfəni inkar edir, şeir, film, nəsrə hopmuş  «dağınıq» fəlsəfəni qəbul edir. Bu fəlsəfədə həqiqət «iz»lə, mahiyyət oyun və təsadüflə, məntiq anarxiyayla, müəyyənlik  anlaşılmazlıqla, janr mətnlə, yaratma və sintez dekonstruksiya və destruksiya ilə əvəzlənir. Modernizmə xas  metafizika, transsendentallıq, inam qəbul edilmir. Kinayə, batin, immanentlik, özündəyetərlik səciyyəvi cəhətləridir. Postmodernizm  poetikasını sənət növləri, janrlar və qavrayış tərzlərinin sinkretikliyi, müəllif  kateqoriyasının silinməsi, ilkin mənbənin əhəmiyyətsizləşməsi, fraqmentarlıq, irreallıq, quramalıq, mərasimilik, məntiqsizlik, mətn-söyləmin aqrammatikliyi  fərqləndirir. Fövqəlmətnlik (intertekstlik), sitatçılıq (senton-sitatlardan ibarət mətn), mətnin «ikinciliyi» (simulakr-mənbəsiz nüsxə, nüsxənin nüsxəsi), irrasionallıq (şizoanaliz) və s. postmodern poetikasında üstünlük təşkil edir. U.Ekonun «Rozanın adı», Erza Paundun     «İnanc rəmzi» romanları, A.Tarkovskinin «Güzgü» filmi görkəmli postmodern nümunələri hesab olunur. Hazırda Rusiyada gecikməklə vüsətlənmiş və birmənalı qarşılanmayan postmodern  nümayəndələri  Ven. Yerofeyev, V. Pelevin, Vik. Yerofeyev, V.Sorokin, V.Şarov, D.Qalkovski, T.Tolstaya və başqalarıdır. XX–XXI əsrlərin qovşağında artıq postmoderndən sonrakı yaradıcılıq formalarının axtarışı aktuallaşıb. Eyni zamanda postmodernin yeganə hakim üsul olmadığı aydınlaşıb. Postmodernizmin yaradıcılarından olan U.Ekonun «Rozanın adı» romanına qeydlərindən verdiyimiz hissə postmodern haqqında ilkin canlı mülahizələr kimi maraq kəsb edir.   

 Umberto Eko   

POSTMODERNİZM, KİNAYƏ, HƏZZ 

1965-ci ildən  bu günə iki fikir tam aydınlaşıb (34 yazıçı və 9 tənqidçidən ibarət İtaliya neoavanqardistlərinin «63 qrupu»nun 1965-ci ildə Palermodakı görüşü nəzərdə tutulur. – A.H.). Süjeti digər süjetlərin nəqlində də tapmaq olar və nəql, nəql  olunan süjetin özündən daha az barışdırıcı ola bilər. Deməli, qiyamçı, kifayət qədər problematik və yenə də  xoşagələn roman yazmaq olar.

Belə uyarlığı, yalnız süjet yox,  həm də həzz axtarışını, postmodernizmin Amerika nəzəriyyəçiləri təsbitləməli idilər. 

Təəssüf ki, «postmodernizm» istilahı nəyə desən aid ola bilər. Deyəsən, indi bu istilahla onu işlədənlərin xoşuna gələn nə varsa adlandırırlar. Digər tərəfdən, deyəsən, onun mənasını keçmişə çəkmək istəyirlər. Əvvəlcə elə gəlirdi ki, o, son 20 ilin bəzi yazıçı və rəssamlarına uyğun gəlir. Sonradan tədricən əsrin əvvəllərinə, bir azdan isə daha uzaq keçmişə müncər edildi. Və daha uzaqlara çəkilməkdə davam edir. Beləcə, Homerin özünü də postmodernist elan edəcəklər. 

Ümumiyyətlə, postmodernizm – müəyyən dövrə aid edilə bilməyəcək meyildir. Bu, mənəvi kateqoriyadır, daha doğrusu, sənətə can atma, hərəkət üsuludur. Belə demək olar ki, hər dövrün öz postmodernizmi var, necə ki, hər dövrün öz manyerizmi olmalıdır (bundan əlavə, mənə elə gəlir ki, postmodernizm – sadəcə olaraq, manyerizmin metatarixi kateqoriya kimi müasir adıdır).  Fikrimcə, keçmişin araşdırılması nəticəsində hər bir dövrdə böhranlı məqamlar yetişirdi – Nitsşenin «Vədəsiz düşüncələr»ində təsvir etdikləri kimi. Keçmiş bizə şərt qoyur, buraxmır, şərləyir. Keçmiş zamanların avanqardizmi (avanqardizmi də mən metatarixi hadisə kimi anlayıram) keçmişlə hesabı çürütmək istəyir. «Rədd olsun ay işığı!» kimi futurist şüar hər bir avanqardın tipik proqramıdır, yalnız ay işığını nəsə uyarlı bir şeylə dəyişmək qalır. Avanqard keçmişi, ənənəvi obrazlılığı dağıdır: «Avinyonlu qız» – tipik avanqard jestidir. Bundan sonra avanqard bir az da irəli gedir, obrazları dağıdaraq məhv edir, abstraksiyaya, formasızlığa, təmiz kətana, cırılmış kətana,  yanmış kətana qədər çatır. Memarlıqda bu, yəqin ki, lay divar, sütun görkəmli bina, təmiz paralelepipeddir. Ədəbiyyatda bu, nitq axınının Borrouz  ruhunda kollaca qədər, tam  sükut və ya təmiz  səhifəyə qədər pozulmasıdır. Musiqidə bu, görünür, atonallıqdan küyə və mütləq sükuta keçiddir (bu mənada erkən  Keyc  nümunədir). 

Lakin məqam gəlir və avanqardın (modernizmin) daha getməyə yolu olmur,  artıq o, öz metanitqini yaratmış  və bu nitqlə olmazın mətnlərini ifadə edir (anlayış sənəti). Postmodernizmin modernizmə  cavabı keçmişin tanınmasından ibarətdir: onu dağıtmaq mümkün deyilsə, belədə biz tam sükuta varırıq, keçmişə yenidən baxmaq lazımdır – kinayə ilə, sadədil olmayaraq. Postmodernizmin yanaşması mənə maarifli xanıma vurulmuş adamın yanaşmasını xatırladır. O bilir ki, «Mən səni dəlicəsinə sevirəm» deyə bilməz, çünki bilir ki, xanım bunu artıq Lialanın yazdığını bilir (və xanım da bilir ki, o, bunu bilir). Və yenə də çıxış var. O deyə bilər: «Necə ki, Liala deyərdi, mən səni dəlicəsinə sevirəm». Bax belə, saxta məsumluğu keçərək və dəqiq deyərək ki, məsum söhbət daha alınmayacaq, o, eyni zamanda xanıma nə istəyirdisə, hamısını dedi, onu sevdiyini və itirilmiş məsumluq zamanlarında sevdiyini. Xanım  oyuna qoşulsa, bunu sevginin izharı kimi anlayacaq. Onların heç biri özünü məsum hiss etməyəcək. Hər ikisi keçmişin, artıq kim tərəfindənsə  deyilmişin, artıq məhvi mümkün olmayanın çağırışını qəbul edir. Hər biri şüurlu olaraq və həzz alaraq kinayə oyunu oynayacaq. Ancaq hər ikisi bir daha sevgidən danışa biləcək. 

Kinayə, metanitq  oyunu, nəqlin kvadratı. Buna görə, əgər modernizmdə kimsə oyunu anlamırsa, ona yalnız oyunu inkar etmək qalır. Postmodernizmdə isə oyunu başa düşmədən də hər şeyi ciddi qəbul etmək olar. Elə bu, kinayənin xüsusiyyətidir. Kinayəni ciddi qəbul edənlər həmişə tapılır. Fikrimcə, Pikassonun, Xuan Qrisin, Brakın kollajları modernizmə məxsusdur. Buna görə adi publika onları qəbul etmirdi. Maks Ernstin kollacları isə – postmodernizmə. O, XIX əsr qravüraları fraqmentlərini işləyirdi. Onları fantastik hekayə, yuxunun nəqli kimi oxumaq olur və heç duymursan ki, bu, həm qravüraları və bəlkə də həm də  kollacın özü haqqında hekayətdir. Əgər modernizm budursa, onda Stern və Rablenin niyə məhz postmodernizmə məxsus olması, niyə Borxesin də aşkarca  ona aidliyi, nədən eyni bir sənətkarda modernizm və postmodernizm elementlərinin uyuşa, bir-birini sıx izləyə və ya əvəzləyə bilməsi aydındır. Görün, Coysla nə baş verir. Onun «Portret»i – modern ruhunda əsər cəhdidir. «Dublinlilər» əvvəl yazılmasına baxmayaraq, modernə «Portret»dən yaxındır. «Ulis» hardasa sərhəddədir. «Finneqanların yası» isə artıq postmodernizmdir, hər halda postmodernizmin başlanğıcıdır. Onun qavranılması üçün söylənmişin inkarı yox, kinayəli yenidəndərki lazımdır. 

Postmodernizm haqqında lap əvvəldən artıq demək olar, hər şey deyilib (yəni Con Bartın 1967-ci il «Ədəbiyyat və tükənmə» kimi oçerklərində: bunu yaxınlarda «Kalibano»nun Amerika postmodernizminə həsr olunmuş yeddinci sayında dərc ediblər). Əlbəttə, hər şey postmodernizm nəzəriyyəçilərinin (Bart daxil olmaqla) yazıçı və rəssamlara yapışdırdığı yarlıqlara uyğun gəlmir: bu, postmodernistdir, o isə hələ yox. Ancaq məni bu istiqamətin nəzəriyyəçilərinin öz müddəalarından çıxardığı qayda maraqlandırır: «Mənim üçün ideal postmodern yazıçı təqlid etmir və XX əsrdən olan atalarından və XIX əsrdən olan babalarından üz döndərmir. O, modernizmi mənimsəyir, ancaq bu, onu güc yetməz yük kimi əzmir… Bəlkə də bu yazıçı Ceyms Miçiqan və İrvinq Uollesin pərəstişkarlarının, hələ savadsızları və beyni kütləvi komminikasiya vasitələri ilə doldurulmuşları demirəm, diqqətini çəkməyi xəyalına belə gətirməməlidir. Lakin o ümid etməlidir ki, Tomas Mannın ilk məsihilər, Sənət fanatikləri adlandırdığından daha geniş auditoriyanın diqqətini cəlb edəcək və əyləndirəcək. İdeal postmodernist roman realizm və qeyri-realizm, formalizm və «süjetizm», ədəbiyyat üçün ədəbiyyat və vədəli ədəbiyyat, elitar ədəbiyyat və kütləvi ədəbiyyat arasında öldürücü qarşılıqlı tənqidi dəf etməlidir… Mən yaxşı caz və ya yaxşı klassik musiqi ilə analogiya aparardım: təkrar dinlədikdə və ya parteturanı oxuduqda ilk dəfə duymadıqların aşkarlanır. Lakin bu ilk dəfə, təkrar dinləməyə hazırlamalıdır. Və bu, eyni dərəcədə həm mütəxəssislər, həm də həvəskarlar üçün belədir». 

Bart 1980-ci ildə  bu mövzuya yenidən bax belə müraciət etdi, ancaq bu dəfə məqaləni «Tamamlıq ədəbiyyatı» adlandırdı. Əlbəttə, mövzuya Lesli Fidler kimi daha çox paradoksallıqla da qayıtmaq olar.  «Kalibano»nun həmin sayında onun 1981-ci il oçerki çap olunub, lap yaxınlarda yeni «Kölgə xətti» jurnalında isə onun digər amerikalı müəlliflərlə diskussiyası verilib. Əlbəttə, Fidler onlara meydan oxuyur. O, «Sonuncu mogikan»ı, macəra, qotik ədəbiyyatı – ümumən, tənqidin qəzəbinə gələn, ancaq  mif yarada və oxucu nəslinin təxəyyülünə hakim ola bilmiş bütün bu quramaları tərifləyir. O soruşur, nə vaxtsa başqa bir «Tom əminin koması» ortaya çıxacaqmı, elə ki, kitabı eyni maraqla mətbəxdə, qonaq otağında, uşaq otağında oxumaq olsun. Şekspiri əyləndirə bilənlərə aid edir, onun əsərlərini «Küləklə sovrulanlar»la bir cərgəyə qoyur. O, bizə çox mahir tənqidçi kimi tanışdır və çətin ki bunlara özü inanır. Sadəcə, incəsənət və həzz arasında divarı dağıtmaq istəyir. O anlayır: indi geniş oxucu dairəsini cəlb etmək və onların arzularını məzmunla doldurmaq avanqardistcəsinə yazmaq deməkdir. Lakin o, bizə deməyə imkan saxlayır ki, oxucunun arzularını məzmunla doldurmaq mütləq barışqan olmaq demək deyil. Bəlkə, bu, onu çıldırmış etmək deməkdir. 

Devamını Oku...

Dahinin bioloji naqisliyi - Asif Hacılı

Yazar Unknown среда, 18 февраля 2015 г. 0 коммент.

Professor Asif Hacılının tərcümə və təqdimatında: MANİFESTLƏR

Ernst Kreçmer 

DEMONİKLİK

      İtaliya nevropatoloqu Lombrozo savadlı adamlar arasında canlı mübahisələr doğurmuş və zərb-məsələ çevrilmiş "dahi və dəlilik" ifadəsinə həyat verəndən bəri dəfələrlə belə qənaət səslənib ki, müasir psixiatriya, az qala, dahiliyin psixi pozuntulardan asılılığının, qismən asılılığının kəfində günahkardır; bir çoxları bunu elə ağrıyla qavradı və elə zərərli saydı ki, bu haqda ümumən bilməməyə üstünlük verərdi. Bu qənaətin nə dərəcədə səhv olduğunu göstərmək üçün Lombrozodan min illər əvvəl, artıq antik dünyada edilmiş və dahiliklə psixi pozuntuların daxili əlaqəsini tutmuş müşahidələri misal gətirə bilərik (Aristotel, Sokrat, Empedokl, Platon, Seneka və başqaları – tərc.)…

Əgər biz dahiliyin ruhi pozuntu ilə əlaqəsi məsələsini anlamaq istəyiriksə, bilavasitə faktlara müraciət etməliyik. İlk növbədə, soruşmağa haqqımız var: nə qədər dahi insan sözün ən dar mənasında ruhi xəstə olub və ya sonradan xəstələnib? Belələri az deyil. Əgər ən məşhur adlarla məhdudlaşsan, filosoflar Russo və Nitsşe, təbiətşünaslar Talbon, Nyuton və Robert Mayer, qoca feldmarşal Blyuxer (Tebxard Leberarxt alman sərkərdəsi), şairlər Tasso, Kleyst, Gelderin, K.H.Meyer, Lenau, Mopassan, Dostayevski və Strindberq, rəssamlar Retel və Van Qoq, bəstəkarlar Şuman və Tuqo Volerun adını çəkə bilərəm... 

Ruhən sağlam adam anlayışı özünün mənasına görə, normal, orta insandır. Ruhən sağlam o adamı adlandıra bilərik ki, tarazdır və özünü yaxşı hiss edir. Ancaq ruhi rahatlıq və komfort duyğusu heç vaxt böyük işlər üçün impuls olmayıb...

Gələcək dəlillərə islah müəssisəsində yer görmüş məktəb müəllimlərinə gülməyə hamı necə də şaddır: bəs necə, axı, bu müəllimlər öz şagirdlərində nəhəng ruhu seçməyiblər və onları yalnız dərsləri buraxan avara sayıblar. Bu müəllimlər tamamilə haqlı olublar. Çünki xarakterin qismən anatomiyası artıq erkən yeniyetməlikdə mövcud olur və aydın aşkarlanır, dahi isə bu zəmində xeyli sonra püxtələşəcək. Yeniyetməlikdə iki anomal meyil – dahiliyə aparan və marginallığa aparan – hələlik çox vaxt bir məcrada inkişaf edir. Yenə də bunu dahilər özü hamıdan yaxşı anlayıb. Belə, Bismark tələbə ikən söyləyib: "Mən ya ən böyük yaramaz, ya da Prussiyada birinci adam olacağam..."

Deyəndə ki, insan sağlamdır – fiziki və psixi sağlamlıqdan asılı olmayaraq, – bu mahiyyətcə o deməkdir ki, insan taraz vəziyyətdədir və özünü yaxşı hiss edir. Buna görə də psixi cəhətdən sağlam adam məhz ona görə ki, o, narahatlıq hiss etmir və ağıllı şəkildə uyğunlaşa bilir – dözümlü şəraitdə olduqda nə yaramazlıq edəcək, nə də şeir yazacaq; ancaq insanın daxili tarazlığı nə qədər səbatsızdırsa, kənar təsirlər onu bir o qədər bu ifrat işlərə vadar edər... 

Böyük fransız inqilabının üç ən məğrur ruh pioneri və rəhbərlərini götürək: Russo, Mirabo və Robespyer. Hər üçü, şübhəsiz, görkəmli və maraqlı şəxsiyyətlərdir. Robespyer – ruhi xəstə atanın oğlu və şizoid psixopat və nevrotik tənha nümunəsidir; Mirabo – avantüra tipli xeyli şübhəli keçmişi olan adam, temperamentli gipomanikal çalarlı kəskin degenerat; və nəhayət, Russo, cəmiyyətə mənəvi təsirinin genişliyinə və dərinliyinə görə əvvəlkiləri xeyli üstələyən şəxs, filosof Russo – təqib sərsəmliyinin ağır forması olan dəli... 

Psixopatlar və ruhi xəstələr xalqın inkişaf tarixində çox vaxt fövqəladə vacib rol oynayırlar... 

Beləliklə, biz psixopatologiya və dahilik arasında aşağıdakı əlaqələri qeyd etdik: dahilərdə, xüsusən, müəyyən tip dahilərdə nisbətən tez-tez psixozlar və psixopatiya müşahidə olunur; sonra bir çox dahilərdə və eləcə də, adi psixopatlarda fərdi inkişaf qrafikində, xüsusən yeniyetməlik nəzərdən keçirilən mərhələdə, bir sıra oxşar cəhətlər izlənilir və nəhayət hər bir qrup sosioloji planda dünya tarixinin gedişinə və bəşəriyyətin mənəvi inkişafına fermentativ təsir göstərir.

Biz bunlardan Lombrozonun gəldiyi nəticəni çıxarmalıyıqmı – dahilik dəlilikdir? Biz xüsusi olaraq bunu etmək niyyətində deyilik. 

Əvəzində, demək istəyirik: dahi sırf bioloji baxımından insan növlərinin nadir və ekstremal birliyi variantları əsasında yaranar. Biologiya dəfələrlə sübut edib ki, cinslərin belə ekstremal çarpazlaşması bir cinsə xas tipik standartlarla müqayisədə strukturun daha az stabilliyi və dağılmasına daha çox meyillə seçilir və cins yetirmək üçün böyük çətinlik yaradır...

Beləliklə, belə bir qənaətə bütün əsaslar var ki, normanın fəlsəfi-aksiomatik dərki baxımından dahilik, həqiqətən də, insan idealı kimi baxılmalıdırsa, dövrümüzdə ara-sıra səslənən mülahizəni – dahinin insan sağlamlığı və bioloji keyfiyyətlərinin ali dərəcəsi olması fikrini qorumağa cəhd etdikdə, biz faktiki müşahidələrin mütləq əksəriyyəti ilə tam ziddiyyətə giririk, heç yerdə sosioloji və bioloji qiymət buradakı kimi təzad yaratmır. 

Dahinin orta ruhi-mənəvi səviyyəsi insana nisbətən bioloji naqisliyi yalnız fərdi təzahürlərin psixopatoloji statistikasından deyil, həm də dahinin irsi həlqədəki yerindən aydın görünür. Dahi insanların həyatının dərin faciəvi tərəflərindən biri – dahilərin nəsil taleyidir. Bu taleyin təkrarlanması tezliyində, demək olar, nəsə tipiklik var. İstedad irsən nəsil və simslərə ötürülür. Bizim xeyli sübutumuz var ki, yüksək kultivasiya olunmuş belə istedadlı nəsil dahinin yaranması üçün ən çox izlənən şərtlərdən biridir. Ancaq dahiliyi irsən ötürmək çətindir.  Qəribə bioloji faktlardan biri – dahinin nəslinin kişi xəttilə, demək olar, qanunauyğun tükənməsidir... 

Dahilərdə sadə istedad həm da Sokrat daymonisi ilə birləşməlidir və belə təəssürat yaranır ki, məhz bu “daymonik” deyilən nəsnə psixopatik ünsürə çox bağlıdır. İzaholunmaz görünən bu demoniklik dahinin mahiyyəti kimi onun mənəvi nailiyyətini, onun qeyri-adi ideyalarını və qeyri-adi ehtiraslarını sarar... bir çox dahilər ənənə ilə əlaqəsinin müəyyən zəifliyini, instinktlərinin və düşüncə stereotiplərinin müəyyən zəifliyini aşkarlayır və məhz bu cəhət fikirlərin şaşırdıcı yeni birləşmələrinə gətirir... 

Dahilər arasında psixopatlar axtarsaq, bir tərəfdən aşkar psixopatlar, digər tərəfdən – bəlkə, daha vacibdir – müəyyən psixopatik komponentin möhkəm, əsasən, sağlam, bütöv şəxsiyyətə daxil olduğu adamlar taparıq... böyük dahilərin əksərində, Bismark və Göte kimilərində, biz psixopatik komponentin və sağlam, bütöv şəxsiyyətin möhkəm, mütərəqqi kütləsinin çulğaşmasını görürük. Unutmaq olmaz: həqiqətən, böyük dahilərin tərkibinə bir qayda olaraq möhkəm və sağlam strukturun sanballı payı daxil olur. Bu, pozulmanın əsas insanı instinktlərdən ibarət, yemək və içmək, vəzifə və vətəndaşlıq borcunun ləyaqətli icrasından, vəzifə və mənsəbdən, ailə və uşaqlardan alınan həzdən ibarət həmin normal payıdır. 

Devamını Oku...

“Dövr başa çatmamış bədii əsərə düzgün qiymət vermək mümkün deyil”

Yazar Unknown воскресенье, 15 февраля 2015 г. 0 коммент.

“Aydın yol”un suallarına Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Asif Hacılı cavab verir
Asif Hacılı 1960-cı il aprelin 3-də Gürcüstanda, Borçalı mahalının Sarvan şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildən Bakı Slavyan Universitetində (o zamankı M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu) müəllim kimi fəaliyyətə başlayıb.
Rus ədəbiyyatı tarixi kafedrasında müəllim, dosent işləyib. 1992-ci ildən ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışır, kafedranın professorudur. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünaslığın tarixi və metodologiyası fənlərindən mühazirə deyir, xüsusi seminarlar aparır.
1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
2000-2014-cü illərdə Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru işləyib. 2014-cü il martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru təyin edilib.
Əsərləri Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Özbəkistan, Tacikistan və Gürcüstanda nəşr edilib. 200-ə qədər elmi əsərin, o cümlədən monoqrafiya və dərs vəsaitlərinin müəllifidir. 30-a qədər dissertasiya işinə opponentlik edib, bir neçə doktorantın elmi rəhbəridir.
Rus dilinə dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin (Moskva) təsisçilərindən biri (2004), həmin cəmiyyətin ekspert-konsultativ şurasının üzvü (2008), Moskva Humanitar Pedaqoji İnstitutunun fəxri professorudur (2006).
- Asif müəllim, Azərbaycanın nüfuzlu elm-tədris müəssisələrindən birinə rəhbərlik edirsiniz. Uzun müddət tədqiqatlarla məşğul olmusunuz, təbiətinizə görə yaradıcı adamsınız. İnzibati işlə yaradıcılığı necə uzlaşdırırsınız?
- İnzibati işlə yaradıcılığı uzlaşdırmaq elə də asan deyil. Bunun müəyyən mənfi və müsbət tərəfləri var. Şəxsən mənim nümunəmdə inzibati iş, təbii ki, universitetlə bağlıdır. Universitet tələbələrdən, müəllimlərdən, inzibati heyətdən ibarət böyük bir strukturdur, mövcud qayda-qanunlarla fəaliyyət göstərir.
Əslində, inzibati işə də yaradıcı yanaşmaq lazımdır. Xüsusilə yaradıcı insanlarla – müəllimlərlə, tələbələrlə təmasda olanda tamamilə yeni, adama fantaziya kimi görünən ideyalar meydana çıxır. Həmin ideyaları reallaşdıranda bəlli olur ki, yaradıcılıq inzibati işə müsbət təsir edir. Təbii, belə iş xeyli vaxt alır, sırf elmi yaradıcılığa da maneçiliyi var, yəni yaradıcılığa az vaxt qalır. 
- Uzun illər Bakı Slavyan Universitetində prorektor kimi çalışmısınız. Yəqin ki, bu illər ərzində inzibati fəaliyyət sahəsində xeyli təcrübə də toplamısınız. 
- Mən inzibati işə ilk dəfə 2000-ci ildə başladım. O vaxta qədər həmişə sərbəst müəllimlik fəaliyyəti göstərmişdim. 2000-ci ildə Kamal Abdulla rektor təyin olunandan 2014-cü ilin mart ayına qədər universitetin tədris işləri üzrə prorektoru oldum. Bu dövrdə işə yaradıcı münasibət, yenilikçiliyə meyil, tələbələrlə ünsiyyətdə açıqlıq və təbii ki, iş üsulunda məsuliyyətli olmağı əxz elədim.
- Bu yaxınlarda tələbələrdən bir neçəsini müşavir təyin elədiniz. Bu təcrübə hansı zərurətdən ortaya çıxdı?
- Universitetimizdə həmişə tələbələrin fikrinə, mövqeyinə hörmətlə yanaşılıb. Onlar idarəçilikdə iştirak ediblər, bir çox maraqlı ideyalar, təkliflər irəli sürüblər. Daim tədrisin təşkilinə, ictimai işlərə maraq göstəriblər, tələbə həyatı ilə, yeni texnologiyalarla, digər məsələlərlə bağlı fikir bildiriblər. Onlarla söhbətdə tədricən gördüm ki, bu günün tələbəsi artıq yetkin düşüncəsi olan insandır, bəzilərinin öz ideyalarını həyata keçirmək üçün potensialı da var. Bu baxımdan belə gənclərin irəli çəkilməsi öz-özünə formalaşan fikir oldu. Çünki konkret vəzifə daşımasalar da, faktiki olaraq həmin işləri görürdülər. Tələbə olmalarına baxmayaraq, əslində, universitet rəhbərliyinə müşavir kimi kömək edirdilər. Həm onları, həm də digər  tələbələri həvəsləndirmək üçün belə bir təşəbbüs irəli sürüldü, üç tələbə müşavir təyin olundu. Ən əsası, müəllimlər də, tələbələr də həmin gəncləri müşavir kimi ciddiyyətlə qəbul edirlər, onların, açıq deyim, mənə çox böyük köməyi dəyir.
- Slavyan Universiteti Azərbaycanın ali təhsil müəssisələri arasında ən geniş beynəlxalq əlaqələri olan universitetlərdən biridir. Son illərdə hansı yeni əlaqələriniz yaranıb?
- Bəli, Bakı Slavyan Universitetinin çox geniş beynəlxalq əlaqələri var. Dünyanın üç qitəsini əhatə edən əlaqələr qurmuşuq. Avropada, Asiyada, Amerikada bizim tərəfdaşımız olan universitetlərlə əməkdaşlığımız daim dinamik inkişaf edib. Bu əlaqələr həm tədris, həm də elm sahəsini əhatə edir. Tələbələrimiz bir-biri ilə daim ünsiyyətdədir, bu məsələdə biz də öz yardımımızı əsirgəmirik. Slavyan xalqlarının mədəniyyətini, tarixini, ədəbiyyatını öyrənib tədris etmək başlıca fəaliyyət istiqamətimiz olsa da, artıq neçə illərdir bir işi də görürük - başqa ölkələrdə Azərbaycan mədəniyyətinin, dilinin təbliği ilə məşğul oluruq. Bir sıra xarici ölkədə - Rusiyada, Ukraynada, Bolqarıstanda mərkəzlərimiz var. Həmin mərkəzlər uğurla fəaliyyət göstərir.
Təxminən on il əvvəl biz xarici əlaqələr qurmağa cəhd edirdik, indi isə tamam başqa bir tendensiyanın şahidiyik. Azərbaycan çox ciddi maraq doğuran dövlətə çevrilib. Mən bunu real faktlara əsaslanıb deyirəm. Universitetimizə təkliflər gəlir ki, xarici ölkələrdə mərkəzlərimizi açaq. Polşadan, Hollandiyadan, hətta ərəb ölkələrindən Azərbaycan dilinin, mədəniyyətinin həmin ölkələrdə tədrisi ilə bağlı xahişlər gəlir. Yəni hazırda tərəfdaş tapmaq üçün xüsusi axtarışa ehtiyac yoxdur. Azərbaycanın iqtisadi qüdrətinin, potensialının, nüfuzunun artmasının nəticəsidir ki, bunun sayəsində həm bizə, yəqin həm də respublikamızın başqa universitetlərinə müraciət edərək əməkdaşlıq qurmaq istəyirlər.
- Rəhbərlik elədiyiniz təhsil müəssisəsi həm də Azərbaycan gənclərinin dünyaya çıxışını təmin edən universitetlərdəndir. Yəni hazırladığınız kadrlar təkcə slavyan dillərini yox, başqa dilləri də mənimsəyirlər...
- Universitetimizdə Azərbaycan, eləcə də regionumuz, geniş mənada bəlkə də Şərq bölgəsi və MDB üçün nadir sayılan dillər üzrə yüksək səviyyəli mütəxəssislər hazırlanır. Polyak, çex, Ukrayna, belorus, yunan, bolqar dilləri üzrə mütəxəssislər məhz bizim universitetin məzunlarıdır. Biz yalnız dil öyrətmirik, həmin ölkələrin mədəniyyətini, tarixini, coğrafiyasını, iqtisadiyyatını bilən ölkəşünas mütəxəssislər, tərcüməçilər yetişdiririk. Bizdə Qərbi Avropa dilləri - roman, german, yəni ingilis, fransız, alman dilləri üzrə tərcüməçilər də hazırlanır. Paralel olaraq, universitetdə ixtisaslı türkiyəşünaslar yetişdirilir, ərəb və latın dilləri də müəyyən qədər öyrədilir. Gələcəkdə bu sahəni genişləndirməyi planlaşdırırıq.
- Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetini nəzərə almasaq, yanılmırıqsa, Azərbaycanda tərcüməşünaslıqla bağlı ilk tədris qurumları, tərcüməşünaslıq kafedraları, laboratoriyalar sizdə yaranıb...
- Ənənəvi tərcümə dillərindən söhbət gedirsə, elədir. Polyak, yunan, Ukrayna dilləri üzrə ilk dəfə biz tərcüməçilər hazırlamağa başlamışıq. Universitetimizdə tərcüməçilik üzrə güclü tədris bazası, kafedralarımızda yaxşı mütəxəssislər, texniki avadanlıq, laboratoriyalar, linqofon kabineti var. Eyni zamanda, bunların elmi bazası olan tərcüməşünaslıq kafedrası, tərcümə problemləri laboratoriyası fəaliyyət göstərir. Bütün bunlar təbii ki, öz bəhrəsini verir. Bizdə tərcüməşünaslıq həm tədrisdə, həm də praktik fəaliyyətdə geniş yer tutur.
- Tərcümə problemləri laboratoriyası neçə il əvvəl çox maraqlı bir seriyanın nəşrinə başlamışdı: “Filoloqun kitabxanası” seriyasından dünya dilçiliyinin, ədəbiyyatının problemlərinə həsr olunmuş 100 kitabın çapı nəzərdə tutulurdu. Həmin kitablardan bəziləri artıq işıq üzü görüb. Bu ənənə davam eləyəcəkmi?
- Həmin laboratoriyanın müdiri akademik Kamal Abdulladır. Dediyiniz seriya onun rəhbərliyi altında uğurla icra olunan layihədir. “100” rəqəmi burada rəmzi məna daşıyır, həmin layihə çərçivəsində humanitar sahələr - dilçilik, məntiq, fəlsəfə, ədəbiyyatşünaslıq üzrə dünya elmində iz qoymuş mühüm əsərlərin orijinaldan tərcüməsi həyata keçirilir. Artıq bir çox kitablar, dediyiniz kimi, işıq üzü görüb. Həm ədəbiyyatşünaslıq, həm dilçiliklə bağlı indi də üzərində iş gedən kitablar var. Çalışacağıq bu ənənə davam etsin.
Adını çəkdiyiniz laboratoriyanın bir layihəsi də “Tərcümə ensiklopediyası”dır. Azərbaycanda indiyədək tərcüməşünaslıqla bağlı belə bir layihə həyata keçirilməyib. Mən bilən, heç keçmiş Sovetlər Birliyində də belə akademik nəşr hazırlanmayıb. Layihəyə bir çox mütəxəssis cəlb olunub, görkəmli tərcüməçilər həmin ensiklopediyanın hazırlanmasında iştirak ediblər. Bir sözlə, neçə illərdir bu nəhəng layihə üzərində iş gedirdi. Artıq ensiklopediya çapa hazırdır, yəqin bu yaxınlarda işıq üzü görəcək. İstərdim həmin nəşrin təqdimatını Azərbaycan Tərcümə Mərkəzi ilə birgə keçirək.
- Söz ki tərcümədən düşdü, deyək: uzun illər Azərbaycanda tərcümə məktəbinin olmamasından əziyyət çəkmişik. 1989-cu ildə yaradılan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi təəssüf ki, tam gücü ilə az müddət fəaliyyət göstərdi, sonra sistemin dəyişməsi ucbatından fəaliyyətində çətinliklər yarandı.
Azərbaycan Prezidentinin Sərəncamı ilə Nazirlər Kabineti yanında yaradılmış Tərcümə Mərkəzi bu il fəaliyyətə başladı. Mərkəz artıq ilk kitablarını nəşr edib, “Xəzər” jurnalı, “Aydın yol” qəzeti çap olunur, Azərbaycan dilinin qorunması istiqamətində əməli işlər görülür. Tərcümə Mərkəzi ilə birgə hansısa layihələr həyata keçirmək barədə düşünmüsünüzmü?
- Tərcümə Mərkəzinin yaradılması Azərbaycanın gələcəyi üçün atılmış çox əhəmiyyətli addımdır. İstərdim ictimaiyyəti, eyni zamanda görkəmli ədibimiz, yazıçı-tərcüməçi Afaq Məsudu, onun rəhbərlik etdiyi kollektivi Mərkəzin yaradılması münasibətilə təbrik edim. Əminəm ki, Afaq xanımın başçılığı ilə Mərkəzdə çox böyük işlər görüləcək. Bakı Slavyan Universiteti, dediyim kimi,  xeyli müddətdir həm kadr hazırlığı ilə, həm də praktiki tərcüməçiliklə məşğul olur. Bizdə bayaq haqqında danışdığımız laboratoriyadan başqa tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrası, tərcümə fakültəsi də var. Yəni bir çox sahələrdə Tərcümə Mərkəzi ilə birgə işlər görə, Azərbaycanda tərcümə işini slavyan dilləri üzrə tərcümələrlə zənginləşdirə bilərik. Şərqi Avropa dillərindən Azərbaycan dilinə və ya Azərbaycan dilindən həmin dillərə tərcümə də çoxdan vaxtı çatmış məsələdir. Uzun illər belə tərcümələr rus dili vasitəsilə edilib, kəmiyyət və keyfiyyət sarıdan üçüncü dilin araya girməsi məqsədəuyğun deyil. Ancaq həmin ölkələrin zəngin ədəbiyyatı var, onların tərcüməsinə biz də qoşula bilərik. Əminəm ki, Tərcümə Mərkəzi ilə birgə tərcüməşünaslığın elmi-nəzəri müzakirəsində, müəyyən vəsaitlərin, topluların hazırlanmasında iştirak edə bilərik. Əməkdaşlığımızın üçüncü bir sahəsi də maraqlı olar: universitetimizin tələbələri müxtəlif müəssisələrdə təcrübə keçirlər, onları Tərcümə Mərkəzinə göndərə bilərik.
- Bəlkə elə Slavyan Universitetində Tərcümə Mərkəzinin təqdimatını da keçirmək olar...
- Niyə də olmasın? Bu, bizim tələbə və müəllim heyətimizə maraqlı, ənənəmizə və təcrübəmizə isə uyğun olar. Burada 4000-nə qədər tələbə təhsil alır, onların da diqqətini çəkər. Məncə, çox faydalı aksiya olar. 
- 2008-ci ildə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”nın nəşr olunması haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzaladı. Sərəncama əsasən, kitabların tərcüməsi və çapa hazırlanması Bakı Slavyan Universitetinə həvalə olundu. Layihənin icra vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Bu, böyük bir hadisə idi. Olduğum ölkələrin heç birində dövlət səviyyəsində belə bir genişmiqyaslı layihə haqqında eşitməmişəm. Bu, dövlətin birbaşa tərcüməşünaslığa, təhsilimizə, mədəniyyətimizə qayğısıdır. Dövlət vəsait ayırır, kitablar yüksək tirajla çap olunur, universitetlərə, kitabxanalara pulsuz paylanır, müəlliflərə qonorar verilir.
Söhbət ondan gedir ki, Azərbaycanda müəyyən tərcüməçilik ənənəsi olsa da, keçid dövründə həmin ənənə zəiflədi. Eyni zamanda, o ənənənin bir qüsurlu cəhəti də vardı ki, orijinaldan tərcümə az idi. Sözügedən layihə tərcümə işinin dirçəlməsinə stimul verdi. Bir çox tanınmış tərcüməçilər bu işə qoşuldular, gənc tərcüməçilər meydana çıxdı.
İnanıram ki, görülən işin ədəbi prosesimizə də müsbət təsiri olacaq. Bir çox əsərlər Azərbaycan dilində ilk dəfə işıq üzü görür. Əlbəttə, hər bir işdə nöqsan da, müsbət, mənfi cəhətlər də ola bilər.
- Bir qədər də şəxsi yaradıcılığınızdan danışaq. Siz Azərbaycanın elmi-ictimai mühitində tədqiqatçı kimi daha çox Axıska türklərinin folklorunu araşdırmaqla tanınmısınız. O kitab indi də həmin istiqamətdə işləyən mütəxəssislərin əksəriyyətinin müraciət etdiyi mənbələrdən biridir. Bundan başqa, “Qurani-Kərim rus ədəbiyyatında” adlı tədqiqat əsəriniz də var. Yaradıcılıq işləriniz nə yerdədir?
 - Hər insanın bir mahiyyəti olur. Mənim də varlığım elmə bağlıdır. Hazırda işimin bir sahəsi kimi rus ədəbiyyatı, rus nəsri, onun mifopoetika məsələləri ilə məşğul oluram. Yəni XX əsrin ikinci yarısı, XXI əsrin əvvəllərində yaranmış rus nəsrinin mifopoetikası ilə bağlı iri həcmli kitab üzərində işimi başa çatdırmışam, yaxın vaxtlarda nəşriyyata verəcəyəm.
“Qurani-Kərim rus ədəbiyyatında” əsərimin davamı kimi ondan həcmcə böyük olan “Qafqaz müharibəsi rus ədəbiyyatında” adlı monoqrafiyam çapa hazırlanır. Həmin kitabı xeyli vaxtdır tamamlamışam, üzərində bir qədər də işləmək istəyirəm. Axıska türklərinin ədəbiyyatı ilə bağlı üç yeni kitabım çıxıb. Bunlardan biri Aşıq Molla Məhəmməd Səfilinin yaradıcılığına həsr olunub. Onun haqqında indiyədək heç nə məlum deyildi. Bir kitab Axıska türklərinin sürgün folkloru, digəri isə inancları ilə bağlıdır. Yenə də poetika məsələlərini araşdırıram. Rus şəbəkə ədəbiyyatı haqda bir kitabçam çıxdı. Azərbaycan şəbəkə ədəbiyyatı haqqında da qeydlərim var, üzərində işləyirəm, tamamlayıb bir kitab eləmək fikrindəyəm.
- Uzun müddətdir həm də ədəbi manifestləri araşdırırsınız.
- Onları da ayrıca kitab kimi nəşr etdirmək istəyirəm, ancaq doğrusu, vaxt tapa bilmirəm. Tamamlayıb çox maraqlı bir toplu etmək olar. Ümidvaram ki, yaxın vaxtlarda yekunlaşdırıb çapa verəcəyəm.
- Sizin bir ideyanız da vardı - slavyan xalqlarının ədəbi antologiyasını nəşr etdirmək istəyirdiniz...
- Bəli, belə bir ideya var. Sadəcə, işlərin çoxluğu bu istəyi gerçəkləşdirməyə imkan vermir. Məncə, o ideyanın həyata keçirilməsi də əhəmiyyətli bir iş olar. Çünki hələlik bizdə slavyan xalqları ədəbiyyatının belə toplusu yoxdur. Halbuki o xalqların ədəbiyyatı və mədəniyyəti Azərbaycan oxucusu üçün çox maraqlıdır. Onları ortaya çıxarmaq lazımdır.
- Azərbaycan ədəbiyyatının mənzərəsinə baxanda sizdə hansı təəssürat yaranır?
- Bir sözlə ifadə etsək, indiki ədəbiyyat axtarışdadır. Ədəbiyyat həmişə axtarır,  amma indi bu proses daha da intensivləşib. Bu gün Azərbaycan ədəbiyyatı sanki milli qaynaqlarla dünya ədəbi prosesi arasında öz yerini müəyyənləşdirməyə çalışır.
- Sizcə, dünyaya çıxarılası ədəbi əsərlərimiz yaranırmı?
- Əlbəttə. Sadəcə, çoxumuz dünyaya çıxmağın mexanizmini kifayət qədər bilmirik. Kamal Abdullanın əsərləri bir çox ölkədə nəşr olunub. Afaq Məsudun əsərləri də son illər Avstriyada, Estoniyada işıq üzü görüb. Başqa yazıçılarımızın da Türkiyədə, Rusiyada, ABŞ-da və digər ölkələrdə çap olunmuş əsərləri var. Bu özü elə dünyaya çıxmaqdır.
Ədəbiyyat arasıkəsilməz, həm də uzunmüddətli prosesdir. Ona görə də, fikrimcə, yazılmış və yazılan əsərlərə tarix qiymət verəcək. Hər hansı dövr başa çatmamış həmin müddətdə yazılmış əsərlərin mədəniyyətdə və mənəviyyatda hansı yeri tutacağına əvvəlcədən hökm vermək çox çətindir.

Nəriman ƏBDÜLRƏHMANLI, Qızılgül ABDİNOVA
Mənbə : http://aydinyol.az

Devamını Oku...

"Akmeist olmaq çətindir" – Nikolay Qumilyov

Yazar Unknown среда, 4 февраля 2015 г. 0 коммент.

Professor Asif Hacılının tərcümə və təqdimatında: MANİFESTLƏR

 

AKMEİZM


XX əsrin ikinci onilliyində formalaşan akmeizm cərəyanının nümayəndələri simvolistlərin mistik axtarışlarına qarşı reallığı, insanı qoyur, sözün öz ilkin, qeyri-simvolik mənasına qayıtmasını tələb edirdilər. Eyni zamanda simvolizmlə və ümumən dünya mədəniyyətilə varisliyi təsbitləşdirir, sosiologizmi və ideolojiliyi inkar edir, şairin «peşəkar» olmasını, «sənət»də kamilliyini əsas şərt hesab edir, «maddi» aləmi bədii yaradıcılığın predmeti olaraq irəli sürür, bədii strukturun qapalılığını təsdiqləyir, müxtəlif üsulların sintezinə çalışırdılar. Əsasən Rusiyada yayılmış bu cərəyan «Şairlər sexi» (1911-1914, 1920-1922) qrupunda təşkilatlanmış, «Apolley», «Giperborey» jurnalları ətrafında təmərküzləşmişdir. Yaradıcıları və nəzəriyyəçiləri N.Qumilyov (1886-1921), S.Qorodetski (1884-1967), O.Mandelştam (1891-1937) olmuşdur. Görkəmli şairlər, akmeizmin banilərindən olan Nikolay Qumilyovun və Osip Mandelştamın məqalələri bu maraqlı cərəyanın ilk nəzəri manifestləri kimi, eyni zamanda rus poeziyasının «Gümüş dövrü»nün səciyyəsini, ədəbi cərəyanların zamanın ədəbi-estetik, fəlsəfi-mədəni axtarışları ilə bağlılığını, tarixi ənənəyə bələdlik, istedad və savad zəminində yarandığını anlamaq baxımından əhəmiyyətlidir. Qeyd  edək ki, Mandelştamın 1919-cu ildə dərc olunmuş məqaləsinin 1912-1913-cü illərdə yazıldığı ehtimal edilir.                                                                                                                                                                                                                                                                                                                                                                                      Asif Hacılı 


Nikolay Qumilyov  

SİMVOLİZM İRSİ VƏ AKMEİZM

Diqqətli oxucu üçün aydındır ki, simvolizm öz inkişaf dövrəsini başa vurub və artıq enməkdədir. Eynilə də simvolist əsərlərin artıq demək olar ki, yaranmaması, yarandıqda da hətta simvolizm baxımından da çox zəif  olması, eynilə də bir qədər əvvəl şəksiz olan dəyər və reputasiyalara yenidən baxılması barədə fikirlərin tez-tez səslənməsi, eynilə də futurist, eqo-futurist və həmişə şirin arxasınca gələn digər goreşənlərin peyda olması. Simvolizmin əvəzinə yeni istiqamət gəlir, necə adlandırılmağından asılı olmayaraq: akmeizm (hər hansı bir şeyin ali dərəcəsi, çiçəklənmə dövrü sözündən) və ya adamizm (həyata kişicəsinə möhkəm və aydın baxış) şəklindəmi, – hər halda simvolizmlə müqayisədə qüvvələrin daha çox tarazlığını, subyekt və obyekt arasında münasibətlərə daha dəqiq bələdliyi tələb edən istiqamət. Ancaq bu cərəyanın özünü tam mənada təsdiqi və əvvəlkinin layiqli varisi olması üçün o, öncəki cərəyanın irsini qəbul etməli və onun qoyduğu sualların hamısına cavab verməlidir. Əcdadların şöhrəti məsuliyyətdir, simvolizm isə layiqli ata olub.

Bütövlükdə simvolizm məktəbinin banisi olan fransız simvolizmi önə sırf ədəbi vəzifələri çıxarır: azad şeir, daha özünəməxsus və yayğın nitq, fövqəl səviyyəyə qaldırılan metafora və məlum «uyğunluqlar nəzəriyyəsi». Sonuncu cəhət fransız simvolizminin qeyri-roman və deməli, qeyri-milli, yad zəminini aşkarlayır. Roman ruhu predmetləri ayıran, cizgiləri dəqiq aydınlaşdıran işıq stixiyasını həddən ziyadə sevir; bütün obraz və əşyaların simvolik çulğaşıqlığı, onların cizgilərinin dəyişkənliyi isə yalnız alman meşələrinin dumanlı zülmətində doğula bilərdi. Mistik deyər ki, Fransada simvolizm birbaşa Sedanın törəməsidir. Ancaq bununla bərabər, o, fransız ədəbiyyatında nadirliyə və əlçatmaza kübar təşnəliyini aşkarlayar və beləliklə onu vulqar naturalizmin təhdidindən qurtarardı. 

Biz, ruslar, fransız simvolizmi hesab oluna bilmərik, ən azı ona görə ki, yuxarıda haqqında danışdığım yeni cərəyan qətiyyətlə german yox, roman ruhuna üstünlük verir.

Fransızlar yeni, daha azad şeir axtardığı kimi, akmeistlər də hecaların buraxılması, vurğuların əvvəllər görünməmiş dərəcədə sərbəst yerdəyişməsi ilə vəzn boyunduruğunu dağıtmağa çalışırlar. Və artıq yeni düşünülmüş sillabik şeir sistemi ilə yazılmış şeirlər var. Simvolist metaforaların başgicəlləndiriciliyi  onları fikrin cəsarətli çevrimlərinə  alışdırıb; dinlədikləri sözlərin yayğınlığı onları canlı xalq dilində yeni – daha sabit mənalı sözlər axtarışına sövq edib; və inancımızı qırmayan işıqlı ironiya, roman yazıçılarında heç olmasa hərdənbir də olsa aşkarlanan ironiya artıq bizim simvolistlərin çox sevdiyi ümidsiz, alman ciddiliyinin yerini tutmuşdur. Nəhayət, bizə incəsənətdə simvolun əhəmiyyətini göstərmiş simvolistləri buna görə yüksək qiymətləndirsək də, biz poetik təsirin digər üsullarının buna qurban verilməsi ilə razı deyilik və onların tam ahəngini axtarırıq. Bununla biz iki cərəyanın müqayisəli «gözəl çətinliyi» barədə sualı cavablandırırıq: kilsə tikmək qüllə tikməkdən çətin olduğu kimi, akmeist olmaq da simvolist olmaqdan çətindir. Yeni istiqamətin prinsiplərindən biri isə – həmişə ən güclü müqavimət xətti ilə getməkdir. 

German simvolizmi öz baniləri Nitşe və İbsenin simasında insanın kainatda, fərdin cəmiyyətdə rolu haqqında sual irəli sürür və qulluq edilməli olan hansısa bir obyektiv məqsəd və ya ehkam taparaq onu həll edirdi. Bunda alman simvolizminin hər bir hadisənin kənar bəraət olmadan özlüyündə dəyərini hiss etməməsi əks olunurdu. Bizdən ötrü nəsnələr aləmindəki asılılıq – hər şeyin özlüyündə çəkisidir, özü də ən cılızının da çəkisi hər halda çəkisizlikdən, yoxluqdan ölçüyəgəlməz qədər çoxdur, buna görə də yoxluq qarşısında bütün var olanlar qardaşdırlar. 

Biz atomu Allaha sitayişə məcbur etməyə qərarlaşa bilmərik, əgər bu, onun təbiətində yoxdursa. Lakn özümüzü varlıqlar içində varlıq kimi duyduqda biz dünya ritminə qoşulmuş oluruq, bizə bütün təsirləri qəbul edirik və öz növbəmizdə biz özümüz təsir edirik. Bizim borcumuz, bizim iradəmiz, bizim xoşbəxtliyimiz və bizim faciəmiz – hər saat növbəti saatın bizim üçün, bizim işimiz üçün, bütün dünya üçün nə olacağını tapıb bilmək və onun gəlişini sürətləndirməkdir. Və heç vaxt yetişməyəcək son saat ali mükafat kimi, bir an diqqətimizi saxlamadan, xəyallarımıza girir. Burada, ölüm olan yerdə digər mövcudluq şərtləri uğrunda qiyam qaldırmaq isə, məhbusun qarşısında açıq qapı olduğu halda divarı dağıtması qədər qəribədir. Burada etika estetikaya çevrilir, sonuncunun əhatəsinə qədər genişlənərək. Burada fərdiyyətçilik öz ali gərginliyi ilə ictimaiyyəti yaradır. Burada Allah Canlı Allah olur, çünki insan özünü belə Allaha layiq hiss edir. Burada ölüm – bizi aktyorlardan, tamaşaçılardan ayıran pərdədir və biz oyundan vəcdlənərək qorxaqcasına boylanmağa nifrət edirik – sonra nə olacaq? Adamistlər kimi biz bir qədər meşə vəhşiləriyik və hər halda bizdə  olan heyvanini nevrasteniya ilə dəyişmərik. Ancaq burada rus simvolizminin məqamı gəlir. 

Rus simvolizmi öz əsas qüvvəsini məchulluq aləminə yönəltdi. Ara-sıra o, ya mistika, ya teosofiya, ya okkultizmlə qardaşlaşdı. Onun bu sahədə bəzi axtarışları az qala mif yaradıcılığına yaxınlaşırdı. Və onun onu əvəzləyən cərəyandan soruşmağa haqqı var: o, yalnız heyvani məziyyətlərləmi öyünür və dərkolunmaza münasibəti necədir. Bu suala akmeizmin verə biləcəyi ilk cavab belədir ki, dərkolunmazı, elə bu sözün mənasına görə, dərk etmək olmaz. İkincisi – bu istiqamətdə bütün cəhdlər əməlisaleh deyil. Ulduzların bütün gözəlliyi, müqəddəsliyi bundadır ki, onlar yerdən sonsuz uzaqdırlar və aviasiyanın heç bir uğuru onları yaxınlaşdıra bilməz. Şəxsiyyətin təkamülünü daim zaman və məkan müstəvisində təsəvvür edənlər təxəyyüllərinin kasadlığını aşkarlayırlar. 

Biz barəsində var olduqlarından başqa heç nə bilmədiyimiz sonsuz sayda digər mövcudluq imkanları olan girdabda ikən öz keçmiş varlıqlarımızı necə xatırlaya bilərik (əgər bu, aşkar ədəbi üsul deyilsə)? Axı onların hər biri bizim mövcudluğumuzla inkar olunur və öz növbəsində onu inkar edir. 

Öz bilməzliyinin uşaqcasına müdrik, göynərdici dərəcədə şirin duyğusu – məchulluğu bizə verən budur. Fransua Villon, keçmişin gözəl xanımları hardadır deyə soraraq, özünə kədərli nidayla cavab verir: 
                                               … Mais où sont les neiges d'antan! 
                                      («Əfsus! keçənilki qar hardadır…») 

Və bu, bizə məchulluğu, qəribanəni ölmüşlərin ruhu ayın hansı tərəfindədir haqqında cildlərlə mülahizələrdən daha güclü şəkildə duymağa imkan verir… Dərkolunmazı həmişə xatırlamaq, lakin fikrini onun haqqında bu və ya digər dərəcədə ağlabatan ehtimallala təhqir etməmək – akmeizmin prinsipi budur. Bu o demək deyil ki, o, məchulluğa yaxınlaşarkən ruhun sarsıntı məqamını təsvir etmək hüququndan imtina edir; lakin bu halda o, yalnız sarsılmalıdir. Aydındır ki, Allahın dərki, gözəl Teologiya xanım öz taxtında qalacaq, ancaq akmeistlər nə onu ədəbilik səviyyəsinə endirməyi, nə ədəbiyyatı almaz soyuqluğunda anlamağı istəyirlər. Mələklər, demonlar, kortəbii və digər ruhlara gəldikdə isə, onlar sənətkarın materialına daxildirlər və digər obrazlarını ərzani cazibələri ilə üstələməməlidirlər. 

Hər bir istiqamət ayrı-ayrı yaradıcılara və dövrlərə məhəbbətiylə seçilir. Doğma məzarlar insanları hər şeydən çox birləşdirir. Akmeizmə yaxın dairələrdə daha çox Şekspir, Rable, Villon və Teofil Qotyenin adı çəkilir. Bu adların seçimi təsadüfi deyil. Onların hər biri – akmeizmin əsaslarındadır, onun ayrı-ayrı stixiyalarının yüksək cərəyanıdır. Şekspir bizə insanın daxili aləmini göstərdi, Rable – bədən və onun sevinclərini, müdrik fiziolojiliyi, Villon hər şeyi – həm Allahı, həm naqislikləri, həm ölümü, həm ölümsüzlüyü bilən, ancaq qətiyyən özünə şəkk etməyən həyat haqqında bəhs etdi. Teofil Qotye bu həyat üçün sənətdə qüsursuz biçimli layiqli libas tapdı. Bu dörd məqamı birləşdirmək – özünü cəsarətlə akmeist adlandırmış insanları birləşdirən arzudur. 

                                                                                                                                                                                                                                                     1913
Devamını Oku...


Professor Asif Hacılının tərcümə və təqdimatında:   

FUTURİST ƏDƏBİYYATIN TEXNİKİ MANİFESTİ 

Aeroplanın yanacaq çənində oturmuşdum. Aviatorun başı qarnıma dirənmişdi, isti idi. Birdən mənə əyan oldu: hələ Homerdən qalmış köhnə sintaksis köməksiz və yöndəmsizdir. Məndə sözləri ibarənin qəfəsindən buraxmaq və bu latın nimdaşını atmağa qarşısıalınmaz istək yarandı. Hər bir səfeh kimi, bu ibarənin də möhkəm başı, qarnı, ayaqları və iki yastı pəncəsi var. Belə birtəhər yerimək,  hətta qaçmaq olar, ancaq tezcə təngnəfəs olub dayanarsan!.. Onun heç vaxt qanadları olmayacaq. 

Bütün bunları biz iki yüz metr yüksəklikdə uçarkən pərlər söylədi. Aşağıda Milanın boruları tüstülənirdi, pərlərsə uğuldayırdı: 

1. Sintaksisi məhv etmək, isimləri isə necə oldu, ağlına nə cür gəlirsə yerləşdirmək lazımdır.

2. Feil qeyri-müəyyən formada olmalıdır. Belədə o, isimlə yaxşıca uyuşacaq və bu zaman isim müəllif «mən»indən, müşahidəçi və ya xəyalpərəst «mən»indən asılı olmayacaq. Yalnız feilin qeyri-müəyyən forması həyatın fasiləsizliyini və onun müəllif tərəfindən qavrayışının incəliklərini ifadə edə bilər.

3. Sifəti ləğv etmək lazımdır, onda çılpaq isim bütün gözəlliyi ilə görünəcək. Sifət çalarlar əlavə edir, fikirləşməyə məcbur edir, bu isə qavrayışımızın dinamizminə ziddir.

4. Zərfi ləğv etmk lazımdır. Bu paslı qarmaq sözləri bir-birinə ilişdirir və cümlədə idbar monotonluq yaranır. 

5. Hər bir ismin oxşarı olmalıdır, yəni onunla analogiya ilə bağlanmış başqa isim. Onlar hər hansı köməkçi sözlərsiz birləşəcəklər. Məsələn: insan – torpedo, qadın – körfəz, kütlə – ləpədöyən, yer – qıf, qapı – lülək. Analogiya üzrə qavrayış uçuşların sürətinə görə adiləşib. Sürət həyat haqqında bizə yeni biliklər verib, buna görə də bütün bu «ona bənzər, kimi, onun kimi, necə ki» və s. ilə vidalaşmaq lazımdır.    Daha yaxşı olar ki, predmet və təəssüratı bir lakonik obrazda həkk edə və bir sözlə təqdim edəsən. 

1. Punktuasiya daha lazım deyil. Sifətlər, zərflər, köməkçi sözlər ləğv  olunduqda öz-özünə canlı və axıcı üslub yaranacaq, səfeh pauzalarsız, nöqtə və vergüllərsiz. Belədə punktuasiya heç nəyə lazım olmayacaq. İstiqaməti bildirmək və ya nəyisə ayırmaq üçün riyazi simvollar + - x : = >< və not işarələri işlətmək olar. 

2. Yazıçılar həmişə müstəqim assosiasiyanı çox seviblər. Heyvanı insanla və ya başqa heyvanla müqayisə ediblər, bu isə demək olar ki, fotoqrafiyadır. Məsələn, bəziləri foksteryeri xırda cins poniyə, digər daha cəsarətliləri isə həmin aramsız zingildəyən iti morze vuran cihaza oxşadıblar. Mənsə foksteryeri çağlayan su ilə müqayisə edirəm. Bunların hamısı müxtəlif əhatəli assosiasiyalar səviyyələridir. Və assosiasiya nə qədər güclü olsa, o qədər dərin oxşarlıq ifadə edər. Axı bənzətmə tamamilə fərqli, uzaq və hətta düşmən nəsnələrin güclü qarşılıqlı cazibəsindən ibarətdir. Yeni üslub ən geniş assosiasiyalar əsasında yaradılacaq. O, həyatın bütün rəngarəngliyini ehtiva edəcək. Bu, çoxsəsli, çoxrəngli, dəyişkən, ancaq çox ahəngdar üslub olacaq.

«Tripoli yaxınlığında döyüş»də mənim belə obrazlarım var: süngülər çıxan səngəri orkestr quyusu, topu isə məşum qadınla müqayisə etmişəm. Beləliklə, intuitiv assosiasiyalar sayəsində Afrika savaşının kiçik bir səhnəsinə həyatın bütöv layları yerləşdirilib. 

Volter deyirdi ki, obrazlar – çiçəklərdir və onları ehmalla və seçərək yığmaq lazımdır. Bu elə də doğru deyil. Obrazlar – poeziyanın canı və qanıdır. Onlarsız poeziya solar və ölər. Masştablı obrazlar uzun müddət təsir edir. Deyirlər ki, oxucunun emosiyalarını qorumaq lazımdır. Ah-ah! Bəlkə başqa şeyin qayğısına qalaq? Axı ən parlaq obrazları da zaman soldurur. İş hələ tək bunda deyil. Zaman ötdükcə onlar təxəyyülə daha az təsir edirlər. Bethoven və Vaqner bizim uzanmış heyranlığımızdan solğunlaşmayıblar? Buna görə də sürtülmüş obrazları və solmuş metaforaları, yəni əslində hamısını dildən atmaq lazımdır. 

1. Fərqli kateqoriyalı obrazlar olmur, onların hamısı eynidir. Assosiasiyaları yüksək və alçaq, zərif və kobud, uydurma və təbiilərə bölmək olmaz. Biz obrazı intuitiv dərk edirik, öncədən rəyimiz olmur. Yalnız çox obrazlı dil həyatın bütün mürəkkəbliyini və gərgin ritmini ehtiva edə bilər. 
2. Hərəkəti bütöv assosiasiyalar zənciri ilə vermək lazımdır. Hər bir assosiasiya dəqiq və qısa olmalı və bir sözə sığmalıdır… 
3. Obrazlar nizamsız və qarışıq hörülməlidir. Hər bir sistem əllaməçi  quramadır.
4. Ədəbiyyat tam və qəti şəkildə fərdi müəllif «mən»indən azad olmalıdır, yəni psixologiyadan. Kitabxanaların pozduğu və muzeylərin xarab etdiyi adam heç bir maraq kəsb etmir. O tamamilə məntiqə və darıxdırıcı ədəbə mübtəla olub və buna görə ədəbiyyatdan kənarlaşdırılmalı, onun yerinə cansız materiya gəlməlidir. Fiziklər və kimyaçılar heç vaxt onun ruhunu anlayıb aça bilməzlər, yazıçı isə öz intuisiyası ilə bunu etməlidir. Azad əşyaların zahiri görkəmi arxasında onların xarakterini və xasiyyətini görməlidir, mühərriklərin əsəbi döyüntüsündə metal, daş, ağacın nəfəsini eşitməlidir. İnsan psixologiyası dibəcən əxz olunub və onun yerinə cansız materiyanın hallarının lirikası gələcək. Ancaq diqqət! Ona insani hissləri müncər etməyin. Sizin vəzifəniz sürətlənmənin gücünü ifadə etmək, genişlənmə və sıxılma, sintez və parçalanma proseslərini duymaq və çatdırmaqdır. Siz elektron qasırğanı və molekulların qüdrətli sıçrayışını həkk etməlisiniz. Səxavətli materiyanın zəifliklərindən yazmaq lazım deyil. Siz izah etməlisiniz, niyə polad möhkəmdir, yəni elektron və molekulların dərkolunmaz əlaqəsini, hətta partlayışdan güclü əlaqəsini izah etməlisiniz. İsti metal və ya sadə ağac parçası indi bizi qadının təbəssümü və göz yaşlarından daha çox həyəcanlandırır. Biz ədəbiyyatda mühərrikin həyatını göstərmək istəyirik. Bizim üçün o, güclü heyvandır, yeni növün nümayəndəsidir. Ancaq əvvəlcə biz onun xasiyyətini və ən xırda instinktlərini öyrənməliyik.
                                                                ***
Futurist şair üçün mexaniki pianinonun dillərinin tıqqıltısından maraqlı mövzu yoxdur. Kino sayəsində biz məzəli çevrilmələri izləyirik. İnsanın müdaxiləsi olmadan bütün poseslər əksinə cərəyan edir: üzgüçünün ayaqları sudan çıxır və o, çevik və güclü sıçrayışla qülləyə atılır. Kinoda insan hətta saatda 200 km. də qaça bilər. Materiyanın hərəkətinin bütün bu formaları əql qanunlarına uyğun deyil, onlar başqa mənşəlidir.

Ədəbiyyat həmişə predmetlərin səs, cazibə (uçuş) və qoxu (buxar) kimi xüsusiyyətlərinə biganə olub. Bunlar haqqında mütləq yazmaq lazımdır. Məsələn, itin duyduğu qoxular buketini təsvir etməyə çalışmaq lazımdır. Mühərriklərin danışığını dinləmək və onların mükaliməsini bütövlükdə əks etdirmək lazımdır. Əgər əvvəllər kimsə cansız materiyadan yazırdısa da, o, yenə də həddən artıq özü ilə məşğul idi. Dağınıqlıq,  biganəlik və  vicdanlı müəllifin qayğıları bu və ya digər şəkildə predmetin təsvirində təzahür edir. İnsan özündən təcridlənməyə qabil deyil. Müəllif istər-istəməz əşyaları öz gənclik sevinci və ya qocalıq qüssəsi ilə aşılayır.  Materiyanın yaşı yoxdur, o sevincli, kədərli ola bilməz, ancaq həmişə sürətə və açıq məkana can atır. Onun gücü sonsuzdur, o, ram edilməz və höcətdir. Buna görə də materiyanı tabe etmək üçün əvvəlcə ənənəvi qanadsız sintaksisdən qurtulmaq gərəkdir. Materiyaya bu dərrakəli, yöndəmsiz kötükdən canını qurtaran sahib olacaq. 

Cəsarətli xilaskar şair sözləri azadlığa buraxacaq və hadisələrin mahiyyətinə varacaq. Və o zaman insanlar və ətraf gerçəklik arasında düşmənçilik və anlaşılmazlıq olmayacaq. Materiyanın sirli və dəyişkən həyatını biz köhnə latın qəfəsinə soxmağa çalışmışıq. Bu qəfəs elə lap əvvəldən heç nəyə yaramayıb. Həyatı fəhmlə qavramaq və müstəqil ifadə etmək lazımdır. Belədə məntiq sarsılacaq və materiyanın intuitiv psixologiyası yaranacaq. Bu fikir ağlıma aeroplanda gəldi. Yuxarıdan hər şeyi yeni cür görürdüm. Mən bütün predmetlərə profildən və anfasdan yox, perpendikulyar baxırdım, yəni onları yuxarıdan görürdüm. Məntiqin buxovları və adi şüurun qandalları mənə mane olmurdu.

Futurist şairlər, siz mənə inanırdınız. Siz arxamca sədaqətlə assosiasiyaları həmləyə gedirdiniz, mənimlə birgə yeni obrazlar yaradırdınız. Ancaq sizin metaforaların sıx toru məntiqin riflərinə ilişdi. İstəyirəm ki, onları azad edəsiniz və bütün gücünüzlə okeanın ənginliklərinə atasınız. 

Müştərək səylərimizlə biz, belə desək, simsiz təxəyyül yaradacağıq. Biz assosiasiyadan ilk dayaq hissəni atarıq və yalnız qırılmaz obrazlar cərgəsi qalar. Buna hünərimiz çatsa, cəsarətlə deyərik ki, böyük sənət yaranıb. Ancaq bunun üçün oxucunun anlamını qurban verməliyik. Bu heç bizə lazım deyil. Axı biz yeni qavrayışı köhnə sintaksislə ifadə edərkən anlamsız ötüşdük. Sintaksis vasitəsilə şairlər sanki həyatı şifrələyir və artıq şifrələnmiş halda oxucuya onun formasını, cizgilərini, rəngini, səslərini çatdırırdılar. Sintaksis pis tərcüməçi və bezikdirici mühazirəçi rolunda çıxış edirdi. Ədəbiyyatınsa nə ona, nə də o birisinə ehtiyacı var. O, həyata qovuşmalı və onun tərkib hissəsi olmalıdır. 

Mənim əsərlərim başqalarınkı kimi deyil. Onlar assosiasiyalırın gücü, obrazların rəngarəngliyi və adi məntiqin istisnası ilə heyrətə salır. Mənim ilk futurist manifestim bütün yenilikləri cəmləşdirdi və ədəbiyyat üzərindən qızıl güllə kimi keçdi.

Uçmaq mümkünsə, cırıltılı arabada sürünməyin nə mənası? Yazıçının təxəyyülü yer üzərində dolaşır. O, geniş assosiasiyaların  dəqiq nəzəri ilə bütün həyatı əhatə edir, azad sözlər isə onları lakonik obrazların nizamlı cərgəsinə düzür.

Və bu zaman hər tərəfdən qəzəblə bağıracaqlar: «Bu, eybəcərlikdir! Siz bizi sözün musiqisindən məhrum etmiziniz, səsin ahəngini və ritmin axıcılığını pozmusunuz!» Əlbəttə, pozmuşuq. Və düz etmişik! Əvəzində siz indi əsil həyatı eşidirsiniz: kobud qışqırıqları, qulaq dələn səsləri. Rədd olsun süni görüntü! Ədəbiyyatda eybəcərlikdən qorxmayın. Və özünü müqəddəs qələminə vermə. Sənət mehrabına birdəfəlik tüpürək və intuitiv qavrayışın intəhasızlığına inamla addımlayaq! Və orada ağ şeirdən qurtularaq azad sözlərlə danışacağıq.

Həyatda kamil  heç nə yoxdur. Hətta snayperlər də hərdən səhv edir və beləcə sözlərin sərrast atəşi mülahizə və izahların çiriş şırnağına dönür. Birdən, bir zərbə ilə qavrayışı dəyişmək mümkün deyil. Köhnə hüceyrələr tədricən ölür və yerlərinə yeniləri gəlir. İncəsənətsə dünya qaynağıdır. Ondan güc alırıq, o isə yeraltı sulardan qidalanır. İncəsənət – bizim özümüzün məkan və zamanda əbədi davamımızdır, onda bizim qanımız axır. Ancaq qan da laxtalanır. Əgər ona xüsusi mikroblar qatmasan. 

Futurist şairlər, mən sizi kitabxana və muzeylərə nifrətə öyrətmişdim. Fitri fəhm – bütün romanlıların səciyyəvi xüsusiyyətidir. Mən sizdə bunu oyatmaq istəyirdim. Və idraka ikrah aşılamaq istəyirdim. İnsanda dəmir mühərrikə qarşı dəf edilməz kin var. Onları ancaq   fəhm barışdıra bilər, idrak yox. İnsanın hökmranlığı bitib. Texnika əsri gəlir! Ancaq alimlər fiziki formul və kimyəvi reaksiyalardan başqa nə bacarır?  Bizsə əvvəlcə texnika ilə tanış olacaq, sonra dostlaşacaq və ehtiyat hissələri ilə birlikdə mexaniki adamın meydana çıxmasını hazırlayacağıq. Biz insanı idraki məntiqin son məqsədi olan ölüm haqda fikirdən azad edəcəyik.
Devamını Oku...

        Professor Asif Hacılının tərcümə və təqdimatında: 

        MANIFESTLƏR  

        FUTURİZM 

 Keçən əsrin əvvəllərində texnika, sürət, yarış, rəqabət, tüstü, gurultu, təzyiq insanı çulğayaraq təfəkkürə, dəyərlərə, nəhayət, ruha sirayət etməyə başlamışdı. Tək və tənha qalan insan zaman və məkandan qopur, çaşbaş qalırdı. Və bu dövrdə yaranan fəlsəfi-estetik cərəyanlar ədəbiyyatla bərabər ictimai şüuru, mədəniyyəti, incəsənəti ehtiva edirdi. Dövrün ruhunu əks etdirən ilk belə ümumavropa cərəyanlarından biri futurizmdir. Futurizm yalnız ədəbi meyl deyil, ictimai mövqe, təfəkkür tərzi, estetik meyar və bədii təcrübə  kimi ortaya çıxdı. Bir qədər sonra taleyini Mussolini ilə bağlamış İtaliya ədibi Filippo Tommazo Marinettinin «Futurizmin ilk manifesti» (1909) və «Futurizmin texniki manifesti» (1912) ilə nəzəri təsbitini tapmış bu cərəyan daha çox elə ədəbi manifestlərdə ifadə olunurdu. Futurizm tarixin keçid dövrünə xas çılğın, inkarçı, əslində mahiyyətcə sənətin ruhuna yad cərəyandır. Və keçid mərhələlərində müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda keçən əsrin əvvəllərində «Oxuma, tar!», XX və XXl əsrlərin qovşağında isə «Doloy Füzuli!» kimi ortaya çıxan «futurist» tezislər həm də bu ümumi təfəkkür tipologiyası ilə izah edilə bilər. Futurist manifestlərlə tanışlıq buna görə yalnız tarixi-ədəbi deyil, günümüzdəki dolaşıq prosesləri qiymətləndirmək baxımından əhəmiyyətlidir.                                                                                                                                                                                                        Asif Hacılı 


Filippo Tommazo Marinetti 



FUTURİZMİN İLK MANİFESTİ  



Bütün gecəni dostlarımızla elektrik işığında oturduq. Lampaların məscid qübbələrini xatırladan mis kolpakları öz mürəkkəbliyi və əcaibliyi ilə bizə bənzəyirdi, lakin onların artında elektrik ürəklər döyünürdü. Tənbəllik bizdən əvvəl doğulub, ancaq biz zəngin fars xalıları üzərində oturmaqda davam edir, ağzımıza gələni danışır və kağız korlayırdıq. 



Özümüzdən çox qürrəliydik: axı yalnız biz oyaq idik, mayaklar və kəşfiyyatçılar kimi yatmırdıq. Biz bütöv ulduz topası ilə təkbətək qalmışdıq, onlar bizim düşmənlərimiz idi və səmada düşərgə salıb durmuşdular… 

                                                                                
                                                                               ***
… Və birdən lap yaxından gurultu eşitdik. Yaxınlıqda al-əlvan işıqları ilə atılıb-düşən nəhəng ikimərtəbəli tramvaylar keçirdi… Sonra hər şey sakitləşdi. Biz yalnız köhnə kanalın iniltisini və köhnə uçuq sarayların sümüklərinin şaqqıltısını eşidirdik.Və qəfildən pəncərəmizin altında ac vəhşi heyvanlar kimi avtomobillər nərə çəkdi: 

– Hə, dostlar, – dedim, – irəli! Mifologiya, mistika – hər şey arxadadır! Gözlərimiz qarşısında yeni kentavr yaranır – motosikletli insan, – ilk mələklərsə səmaya aeroplanların qanadlarında qalxır. Gəlin həyatın qapılarına elə zərb gələk ki, bütün cəftə və kilidlər yerə səpələnsin!.. İrəli! Artıq yer üzünə yeni şəfəq doğur!.. İlk dəfə öz al qılıncı ilə əbədi zülməti yaracaq bu alovlu şəfəqdən gözəl heç nə yoxdur! 

Oradasa üç avtomobil durur və fınxırırdı. Biz onlara yanaşaraq nəvazişlə yallarını oxşadıq. Mənim avtomda dəhşətli darısqallıqdır, tabutdakı kimi uzanırsan, ancaq indi birdən sükan sinəmə dirəndi, cəllad baltası kimi kəsdi və mən tezcə ayıldım. 

Divanəliyin iti burulğanında dərimiz boğazımızdan çıxdı, özümüzdən qopduq və qurumuş çayın məcrası kimi qozbel küçələrlə sürükləndik. Gah orda, gah burda pəncərələrdə zəif, solğun işıqlar görünürdü, onlar sanki deyirdilər: gözlərinizə inanmayın, həddən ziyadə ayıq baxışa inanmayın! 

– Hissiyyat! – qışqırdım, – Vəhşi heyvana hissiyyat da bəsdir! 

Və cavan şirlər kimi ölümün dalınca qoşduq…
                                                                              ***

… Ölüm çox razı görünürdü. Hər döngədə o, irəli çıxır və mehribancasına sümüklərini uzadırdı, ya da dişlərini qıcayaraq ləzzətlə gölməçələrdən baxırdı.

– Gəlin Ağılın çürümüş qılafından qurtulaq!.. Qoy məchulluq bizi udsun! Buna dərddən yox, onsuz da intəhasız olan mənasızlığın daha da çoxalması üçün gedirik!… 

… Sifətimiz tər içindədir, metal qırıntıları və səmaya ucalan zavod borularının hisi ilə qarışmış zavod çirkinə bulaşıbdır, qırılmış əllərimiz tənziflənibdir... 

… Və beləcə biz ilk dəfə yerdə yaşayanların hamısına öz iradəmizi elan etdik: 
1. Yaşasın risq, iddia və ram edilməz enerji!
2. Cəsarət, şücaət və qiyam – şeirlərimizdə məhz bunları vəsf edirik.
3. Köhnə ədəbiyyat fikir tənbəlliyini, heyranlıq və hərəkətsizliyi vəsf edirdi. Bizsə həyasız təzyiqi, çılğın sərsəmliyi, nizami addımları, təhlükəli sıçrayışı, sapalaq və yumruqlaşmanı vəsf edirik. 
4. Biz deyirik: gözəl dünyamiz daha da gözəlləşib – indi onda sürət var. Yarış avtomobilinin altından tüstü qıvrılır və alov saçır. Nəfəsi pulemyot atəşinə bənzəyir və onun gözəlliyi ilə hansısa Samofrakiyalı Nika müqayisə edilə bilməz. 
5. Biz sükan arxasındakı insanı vəsf edirik. Sükan yeri vurub keçir və o, dairəvi orbitlə fırlanır. 
6. Qoy şair nə gəldi desin, qoy onun səsi gurlasın və ilkin qüvvələri oyatsın.
7. Mübarizədən gözəl heç nə yoxdur. Həyasızlıq olmadan şedevr yoxdur. Poeziya şər qüvvələri əzəcək və insana tabe edəcək. 
8. Biz yüzilliklərin qovşağındayıq!… Nədən keçmişə boylanmalıyıq? Axı Mümkünsüzlüyün sirli aləminə pəncərə açmaqdayıq. Nə zaman var, nə məkan. Əbədiyyətdə yaşayırıq, dünyamıza yalnız sürət hakimdir.
9. Yaşasın müharibə, yalnız o, dünyanı təmizləyə bilər. Yaşasın silah, Vətənə məhəbbət, anarxizmin  dağıdıcı gücü, hər şeyi dağıtmaq idealları. Qadınlar rədd olsun! 
10. Biz bütün muzeyləri, kitabxanaları darmadağın edəcəyik. Rədd olsun əxlaq, qorxaq barışdırıcılar, mənfur obıvatellər!
11. Biz kütlənin işçi küyünü, sevincli uğultusunu və qiyamçı nərəsini vəsf edəcəyik… 
                                                                            ***
Bu manifesti haradasa yox, məhz İtaliyada elan edirik. O, bütün dünyanı devirəcək və atəşə qərq edəcək. Bu gün bu manifestlə futurizmin əsasını qoyuruq. İtaliyanı xəstəlikdən qurtaracağıq – tarixçilərdən, arxeoloqlardan, sənətşünaslardan, əntiqçilərdən… 

İtaliya uzun müddət köhnə-kürüş tullantıları ilə dolub. Onu sonsuz muzey zibilindən təmizləmək lazımdır – bunlar ölkəni nəhəng qəbiristanlığa çevirir. 

Muzeylər və qəbiristanlıqlar! Bunları bir-birindən fərqləndirmək olmur – heç kimin tanımadığı və fərqlənməyən meyitlərin bəd yığnağı. Bunlar iyrənc və məchul məxluqların qalaqlandığı ictimai yataqlardır. Rəssamlar və heykəltaraşlar bir-birinə bütün nifrətini muzeyin cizgilərinə və rənglərinə həkk edirlər. 

Muzeyə ildə bir dəfə – qohumların məzarına baş çəkdiyin kimi getməyi necəsə başa düşmək olar!.. Hətta Cokondaya gül buketi aparmaq – bunu hələ anlamaq olar! Ancaq ora hər gün bütün dərdlərimiz, zəifliyimiz, qüssəmizlə getmək – bu heç araya sığmır!… Nədən ruhunu zəhərləməlisən? Nədən ağlayıb-sızlamalısan? 

Köhnə rəsmdə yaxşı nə görəcəksən? Yalnız rəssamın yazıq cəhdlərini, niyyətini ifadə etməyə sona qədər imkan verməyən maneəni dəf etməyə əbəs səyini… 

Köhnə rəsmə  heyranlıq – ən gözəl hisslərini diri-diri dəfn etmək deməkdir. Yaxşısı budur onları əməli, yaradıcı məcraya yönəlt. Nədən gücünü keçmişə yönəlik ah-vaya sərf edirsən? Bu, yorur, əldən salır, boşluq yaradır. 

Həyata keçməmiş istəklərin dəfn olunduğu, ən gözəl arzuların qəhr edildiyi, puç olmuş ümidlərin qrafalarla göstərildiyi muzeylərə, kitabxanalara, akademiyalara getməyin mənası nə?! 

Rəssam üçün bu, ağıllı, istedadla dolu gəncliyə ifrat qayğı kimi bir şeydir. 

Sısqalar, şikəstlər, məhbuslar üçün bunu yenə necəsə izah etmək olar. Bəlkə də, onlar üçün köhnə gözəl dövrlər yaralarına məlhəmdir: gələcəkləri onsuz da yoxdur. Bizim üçün bu lazım deyil! Biz gəncik, güclüyük, tam qüvvəmizlə yaşayırıq, biz – futuristlərik! 

Hey, əlləri qarsalanmış şanlı alışdırıcılar! Gəlin! Başlayın! Kitab rəflərini alovlandırın! Kanalların suyunu muzey sərdabələrinə yönəldin və onları batırın!.. Qoy sel böyük rəsmləri aparsın! Bel və kürəkləri götürün! Qədim şəhərləri dağıdın! 
                              
                                                                          ***

Çoxumuzun otuz yaşı da yoxdur. İşimizsə onilliyə yetməz. Qırx yaşımız olacaq və onda qoy gənclər və güclülər bizi lazımsız köhnə-kürüş kimi zibilliyə atsınlar!… Onlar öz ilk şeirlərinin ahəngi altında bütün dünyadan, ən ucqar güşələrdən səyirdib gələcəklər. 

Onlar caynaqları ilə havanı cırmaqlayacaqlar, akademiyaların qapılarını qoxulayacaqlar. Bizim kitabxana katakombalarında yer alası iylənmiş ideyalarımızın üfunətini udacaqlar.

 Biz isə artıq orada olmayacağıq. Nəhayət, qış gecəsi bizi təmiz çöllükdə mənhus anqarın yanında tapacaqlar. Sısqa yağış altında, titrəyən aeroplanlarımızın yanında zəif tonqal ətrafında toplaşaraq əllərimizi isidəcəyik. Tonqal sevinclə alovlanacaq və bizim kitablarımızı həzm edəcək, onların obrazları isə qığılcım kimi göyə qalxacaq. 

Onlar ətrafımıza toplaşacaq. Qəzəb və acıqdan nəfəsləri təngiyəcək. Qürurumuz və cəsarətimiz onları haldan çıxaracaq. Üstümüzə cumacaqlar və bizə məhəbbət və heyranlıqları nə qədər güclü olacaqsa, o qədər də nifrətlə bizi parçalayacaqlar. Ədalətsizliyin sağlam və güclü alovu sevinclə gözlərində parlayacaq. Axı məhz incəsənət – zorakılıq, qəddarlıq və ədalətsizlik elə məhz budur…

                                                                          ***

Çoxumuzun hələ otuz yaşı yoxdur, ancaq bütün sərvətimizi puç etmişik – qüvvəmizi, sevgimizi, cəsarətimizi, inadımızı. Biz tələsirdik, basabasda hər şeyi tulladıq, hesabsız və halsızlaşınca… 

Ancaq bizə baxın! Hələ nəfəsimiz kəsilməyib! Ürəklərimiz aramla döyünür! Bəs necə, axı sinəmizdəki od, nifrət və sürətdir!… Nədi, təəccübləndiniz? Sizin özünüzün bütün həyatınızdan xatırlamalı bir şey yoxdur… 

Və yenə də zirvədən ulduzlara meydan oxuyuruq!..

İnanmırsız? Yaxşı, olsun! Olsun! Bunları artıq eşitmişəm. Əlbəttə! Əvvəldən bilirik, bizim güya gözəl ağlımız nə deyəcək. Biz, deyəcək, yalnız əcdadlarımızın sələfləri və davamıyıq… 

Nə olsun! Lap elə belədir! Neyləyək?!. Adam eşitmək istəmir! Bu sərsəmliyi təkrarlamaqdan əl çəkin! Yaxşısı budur, başınızı dikəldin! 

Və yenə də zirvədən ulduzlara meydan oxuyuruq!.. 
Devamını Oku...