Dahinin bioloji naqisliyi - Asif Hacılı

Yazar Unknown среда, 18 февраля 2015 г. 0 коммент.

Professor Asif Hacılının tərcümə və təqdimatında: MANİFESTLƏR

Ernst Kreçmer 

DEMONİKLİK

      İtaliya nevropatoloqu Lombrozo savadlı adamlar arasında canlı mübahisələr doğurmuş və zərb-məsələ çevrilmiş "dahi və dəlilik" ifadəsinə həyat verəndən bəri dəfələrlə belə qənaət səslənib ki, müasir psixiatriya, az qala, dahiliyin psixi pozuntulardan asılılığının, qismən asılılığının kəfində günahkardır; bir çoxları bunu elə ağrıyla qavradı və elə zərərli saydı ki, bu haqda ümumən bilməməyə üstünlük verərdi. Bu qənaətin nə dərəcədə səhv olduğunu göstərmək üçün Lombrozodan min illər əvvəl, artıq antik dünyada edilmiş və dahiliklə psixi pozuntuların daxili əlaqəsini tutmuş müşahidələri misal gətirə bilərik (Aristotel, Sokrat, Empedokl, Platon, Seneka və başqaları – tərc.)…

Əgər biz dahiliyin ruhi pozuntu ilə əlaqəsi məsələsini anlamaq istəyiriksə, bilavasitə faktlara müraciət etməliyik. İlk növbədə, soruşmağa haqqımız var: nə qədər dahi insan sözün ən dar mənasında ruhi xəstə olub və ya sonradan xəstələnib? Belələri az deyil. Əgər ən məşhur adlarla məhdudlaşsan, filosoflar Russo və Nitsşe, təbiətşünaslar Talbon, Nyuton və Robert Mayer, qoca feldmarşal Blyuxer (Tebxard Leberarxt alman sərkərdəsi), şairlər Tasso, Kleyst, Gelderin, K.H.Meyer, Lenau, Mopassan, Dostayevski və Strindberq, rəssamlar Retel və Van Qoq, bəstəkarlar Şuman və Tuqo Volerun adını çəkə bilərəm... 

Ruhən sağlam adam anlayışı özünün mənasına görə, normal, orta insandır. Ruhən sağlam o adamı adlandıra bilərik ki, tarazdır və özünü yaxşı hiss edir. Ancaq ruhi rahatlıq və komfort duyğusu heç vaxt böyük işlər üçün impuls olmayıb...

Gələcək dəlillərə islah müəssisəsində yer görmüş məktəb müəllimlərinə gülməyə hamı necə də şaddır: bəs necə, axı, bu müəllimlər öz şagirdlərində nəhəng ruhu seçməyiblər və onları yalnız dərsləri buraxan avara sayıblar. Bu müəllimlər tamamilə haqlı olublar. Çünki xarakterin qismən anatomiyası artıq erkən yeniyetməlikdə mövcud olur və aydın aşkarlanır, dahi isə bu zəmində xeyli sonra püxtələşəcək. Yeniyetməlikdə iki anomal meyil – dahiliyə aparan və marginallığa aparan – hələlik çox vaxt bir məcrada inkişaf edir. Yenə də bunu dahilər özü hamıdan yaxşı anlayıb. Belə, Bismark tələbə ikən söyləyib: "Mən ya ən böyük yaramaz, ya da Prussiyada birinci adam olacağam..."

Deyəndə ki, insan sağlamdır – fiziki və psixi sağlamlıqdan asılı olmayaraq, – bu mahiyyətcə o deməkdir ki, insan taraz vəziyyətdədir və özünü yaxşı hiss edir. Buna görə də psixi cəhətdən sağlam adam məhz ona görə ki, o, narahatlıq hiss etmir və ağıllı şəkildə uyğunlaşa bilir – dözümlü şəraitdə olduqda nə yaramazlıq edəcək, nə də şeir yazacaq; ancaq insanın daxili tarazlığı nə qədər səbatsızdırsa, kənar təsirlər onu bir o qədər bu ifrat işlərə vadar edər... 

Böyük fransız inqilabının üç ən məğrur ruh pioneri və rəhbərlərini götürək: Russo, Mirabo və Robespyer. Hər üçü, şübhəsiz, görkəmli və maraqlı şəxsiyyətlərdir. Robespyer – ruhi xəstə atanın oğlu və şizoid psixopat və nevrotik tənha nümunəsidir; Mirabo – avantüra tipli xeyli şübhəli keçmişi olan adam, temperamentli gipomanikal çalarlı kəskin degenerat; və nəhayət, Russo, cəmiyyətə mənəvi təsirinin genişliyinə və dərinliyinə görə əvvəlkiləri xeyli üstələyən şəxs, filosof Russo – təqib sərsəmliyinin ağır forması olan dəli... 

Psixopatlar və ruhi xəstələr xalqın inkişaf tarixində çox vaxt fövqəladə vacib rol oynayırlar... 

Beləliklə, biz psixopatologiya və dahilik arasında aşağıdakı əlaqələri qeyd etdik: dahilərdə, xüsusən, müəyyən tip dahilərdə nisbətən tez-tez psixozlar və psixopatiya müşahidə olunur; sonra bir çox dahilərdə və eləcə də, adi psixopatlarda fərdi inkişaf qrafikində, xüsusən yeniyetməlik nəzərdən keçirilən mərhələdə, bir sıra oxşar cəhətlər izlənilir və nəhayət hər bir qrup sosioloji planda dünya tarixinin gedişinə və bəşəriyyətin mənəvi inkişafına fermentativ təsir göstərir.

Biz bunlardan Lombrozonun gəldiyi nəticəni çıxarmalıyıqmı – dahilik dəlilikdir? Biz xüsusi olaraq bunu etmək niyyətində deyilik. 

Əvəzində, demək istəyirik: dahi sırf bioloji baxımından insan növlərinin nadir və ekstremal birliyi variantları əsasında yaranar. Biologiya dəfələrlə sübut edib ki, cinslərin belə ekstremal çarpazlaşması bir cinsə xas tipik standartlarla müqayisədə strukturun daha az stabilliyi və dağılmasına daha çox meyillə seçilir və cins yetirmək üçün böyük çətinlik yaradır...

Beləliklə, belə bir qənaətə bütün əsaslar var ki, normanın fəlsəfi-aksiomatik dərki baxımından dahilik, həqiqətən də, insan idealı kimi baxılmalıdırsa, dövrümüzdə ara-sıra səslənən mülahizəni – dahinin insan sağlamlığı və bioloji keyfiyyətlərinin ali dərəcəsi olması fikrini qorumağa cəhd etdikdə, biz faktiki müşahidələrin mütləq əksəriyyəti ilə tam ziddiyyətə giririk, heç yerdə sosioloji və bioloji qiymət buradakı kimi təzad yaratmır. 

Dahinin orta ruhi-mənəvi səviyyəsi insana nisbətən bioloji naqisliyi yalnız fərdi təzahürlərin psixopatoloji statistikasından deyil, həm də dahinin irsi həlqədəki yerindən aydın görünür. Dahi insanların həyatının dərin faciəvi tərəflərindən biri – dahilərin nəsil taleyidir. Bu taleyin təkrarlanması tezliyində, demək olar, nəsə tipiklik var. İstedad irsən nəsil və simslərə ötürülür. Bizim xeyli sübutumuz var ki, yüksək kultivasiya olunmuş belə istedadlı nəsil dahinin yaranması üçün ən çox izlənən şərtlərdən biridir. Ancaq dahiliyi irsən ötürmək çətindir.  Qəribə bioloji faktlardan biri – dahinin nəslinin kişi xəttilə, demək olar, qanunauyğun tükənməsidir... 

Dahilərdə sadə istedad həm da Sokrat daymonisi ilə birləşməlidir və belə təəssürat yaranır ki, məhz bu “daymonik” deyilən nəsnə psixopatik ünsürə çox bağlıdır. İzaholunmaz görünən bu demoniklik dahinin mahiyyəti kimi onun mənəvi nailiyyətini, onun qeyri-adi ideyalarını və qeyri-adi ehtiraslarını sarar... bir çox dahilər ənənə ilə əlaqəsinin müəyyən zəifliyini, instinktlərinin və düşüncə stereotiplərinin müəyyən zəifliyini aşkarlayır və məhz bu cəhət fikirlərin şaşırdıcı yeni birləşmələrinə gətirir... 

Dahilər arasında psixopatlar axtarsaq, bir tərəfdən aşkar psixopatlar, digər tərəfdən – bəlkə, daha vacibdir – müəyyən psixopatik komponentin möhkəm, əsasən, sağlam, bütöv şəxsiyyətə daxil olduğu adamlar taparıq... böyük dahilərin əksərində, Bismark və Göte kimilərində, biz psixopatik komponentin və sağlam, bütöv şəxsiyyətin möhkəm, mütərəqqi kütləsinin çulğaşmasını görürük. Unutmaq olmaz: həqiqətən, böyük dahilərin tərkibinə bir qayda olaraq möhkəm və sağlam strukturun sanballı payı daxil olur. Bu, pozulmanın əsas insanı instinktlərdən ibarət, yemək və içmək, vəzifə və vətəndaşlıq borcunun ləyaqətli icrasından, vəzifə və mənsəbdən, ailə və uşaqlardan alınan həzdən ibarət həmin normal payıdır. 

Комментариев нет: