"Sirlərin açarı" – Valeri Bryusov

Yazar Unknown среда, 4 февраля 2015 г. 0 коммент.


Professor Asif Hacılının tərcümə və təqdimatında: 

VALERİ BRYUSOVUN  “SİRLƏRİN AÇARI” 

Sadəlövh adamlar incəsənətin nə olduğu sualı ilə qarşılaşdıqda onun nədən yarandığını , kainatda hansı yeri tutduğunu aydınlaşdırmağa çalışmır, onu fakt kimi qəbul edir və yalnız həyatda hansısa tətbiqini tapmağa çalışırlar. Beləliklə, yararlı sənət nəzəriyyələri, insan fikrinin sənətə münasibətində ən ibtidai mərhələ meydana çıxır. İnsanlara təbii gəlir ki, sənət, əgər mövcuddursa, onların ən kiçik ehtiyac və tələblərinə yararlı olmalıdır. Unudulur ki, dünyada insanlar üçün tamamilə yararsız olan çox şeylər, məsələn, gözəllik var və onlar özləri də həyatlarında daim tam yararsız davranışlar edirlər – sevirlər, arzulayırlar…

Eləcə də bilik və elm naminə sənətdə yalnız həyatın inikasını görmək olmaz … həyatı təkrarlayan sənət yoxdur.  Zahiri aləmdə memarlıq və musiqiyə uyğun heç nə yoxdur. Nə Köln kilsəsi, nə Bethövenin simfoniyası ətraf aləmi təkrar edir… Poeziya məkani təcəssümdən məhrumdur; sonsuz hisslərdən,  hadisələrin fasiləsiz axarından o yalnız ayrıca məqamları və səhnələri tutur. Dram poeziya vasitələri ilə heykəltəraşlıq və rəngkarlıq vasitələrini birləşdirir, ancaq otağın dekorasiyaları arxasında mənzilin, küçənin, şəhərin digər hissələri yoxdur; aktyor pərdə arxasına keçdikdə daha şahzadə Hamlet olmur; gerçəklikdə iyirmi il sürəni səhnədə iki saata görmək olar.  Bundan əlavə, məhz gerçəkliyi xüsusi uyarlıqla təkrarlayan əsərləri biz bədii adlandırmaqdan imtina edirik. Biz panoramları, mum fiqurları sənət hesab etmirik… Düzdür, «xeyirli sənət» tərəfdarlarının bir bəraəti var. Sənət şəxsi fərdi həzzə xidmət etmir. Sənət elmi məqsədlərə də yönəlməyib. Ancaq o, cəmiyyətə, sosial quruluşa xidmət edir. Sənətin xeyri bundan ibarət ola bilər ki, o, ayrı-ayrı şəxsiyyətlərin birinin hisslərini başqalarına aşılayaraq, onlar arasında üns yaradır, cəmiyyətin siniflərini bütövləşdirir və bir-birləri ilə tarixi mübarzəsinə kömək edir. İncəsənət bu baxımdan digər vasitələr kimi, necə ki, söz, eləcə də yazı, mətbuat, teleqraf, telefon, insanlar arasında yalnız ünsiyyət vasitəsidir. Adi söz, prozaik nitq fikirləri, sənət isə hissləri ötürür…

Digər düşüncə sahibləri sənətin nəyə lazım olduğu, onun nə xeyri var haqda sualı kənara qoyaraq, başqa, metafizik sorğuda bulunurdular: incəsənət nədir? Sənəti həyatdan təcridləyərək, onlar əsərlərə özlüyündə, özünə qapanmış nəsnələr kimi baxırdılar. «Təmiz sənət» nəzəriyyələri – insan fikrinin incəsənətə münasibətində ikinci mərhələ belə yaranırdı. Tətbiqi, xeyirli sənət tərəfdarları ilə mübarizəyə aludə olaraq, bu adamlar digər ifrata varır, təsdiqləyirlər ki, sənətdən heç vaxt və heç bir xeyir olmamalıdır, sənət hər hansı bir mənfəətdən, məqsəddən uzaqdır: sənət – məqsədsizdir. Bu fikri bizim Turgenev amansız birbaşalıqla ifadə edib: «İncəsənətin məqsədi yoxdur, incəsənətin özündən başqa» ...

Bu görüş tərəfdarlarından sorduqda ki, bədiiyyat kimi qəbul edilən nəsnələri bir qəbildə nə birləşdirir, nə üçün Rafaelin şəkilləri, Bayronun şeirləri, Mosartın melodiyaları – bütün bunlar incəsənətdir, onlarda ortaq nə var?   – onlar cavab verirdilər – Gözəllik!.. 

Artıq Aristotel və sonradan onun təqlidçisi Bualo məsləhət görürdü ki, eybəcərliyi təsvir edərkən ona heç olmasa bir qədər cəlbedicilik verin. Ancaq romantiklər və onların varisi olan realistlər gerçəkliyin belə bəzədilməsindən imtina etdilər. Dünyanın bütün eybəcərliyi bədii yaradıcılığa soxuldu… Hətta mənəvi gözəlliyə istinada da imkan qalmadı… deyəsən, gözəllik incəsənəti əbədi tərk etdi… 

Gözəlliyin xüsusi ümumbəşəri meyarı yoxdur. Gözəllik ümumi anlayış kimi mücərrədlikdir, necə ki, insan fikrinin bir çox digər geniş ümumiləşdirmələri olan həqiqət, xeyir və sairə.  Gözəllik əsrlərlə dəyişir. Gözəllik müxtəlif ölkələr üçün fərqlidir. İncəsənətdə gözəllikdə olmayan dəyişməzlik və ölməzlik var…

«Gözəllik» sözünün «tipiklik» sözü ilə əvəzlənməsi bir ara uğur qazanmışdı. Ancaq bu iki anlayışı tutuşdursan, onlar uyğun gəlməz.  Gözəllik həmişə tipiklik deyil və hər bir tipiklik də gözəllik deyil… Və yeni sənət şəxsi, fərdi hisslərin, anların və məhz bu anların duyumuna getdikcə daha dərindən vararaq, tipiklik kabusundan əbədi və qəti ayrılmırmı?  Eyni sözləri «sənət sənət üçündür» müddəası barədə təkrar etmək olar. Bu, sənəti həyatdan, yəni bəşərdə nəyinsə yetişə biləcəyi yeganə zəmindən qoparır. Məqsədsiz Gözəllik (böyük hərflə) uğrunda sənət – ölü sənətdir… 

Elm adamları incəsənətə tamamilə başqa yöndən yanaşırdılar. Elm nəsnələrin mahiyyətinə varmağa iddia etmir. Elm yalnız hadisələrin tənasübünə bələddir, yalnız müqayisəni və tutuşdurmanı bacarır. Elm heç bir şeyi onun başqalarına münasibətindən kənarda nəzərdən keçirə bilmir. Elmi nəticələr – əşya və hadisələrin tənasübü üzərində müşahidələrdir. 

Elm sənət əsərlərinə öz xüsusi metodları ilə yanaşaraq, ilk növbədə onları öz-özlərində araşdırmaqdan imtina etdi. Elm anladı ki, sənət əsəri insana – yaradıcı sənətkara və başqasının yaradıcılığını qavrayana münasibətdən kənarda yalnız boyanmış kətan, yonulmuş daş, ölçüyə salınmış sözlər və səslərdir. Misir piramidaları və Kitsin şeirləri arasında memar və şairin niyyətini və tamaşaçı və oxucuların təəssuratını unutduqda ortaq heç nə tapmaq olmaz. Bunları yalnız insan ruhunda eyniləşdirmək olar. Sənət yalnız insanda mövcuddur, başqa heç yerdə … 

Müasir elm hələlik incəsənətin sirrini açmaqda acizdir. Onun irəli sürdüyü nəzəriyyələr duruş gətirmir, çünki ziddiyyətlidir. Lakin əgər qəbul etsək ki, gələcəyin elmi bütün sualtı qayaları uğurla ötəcək və ehtiyatla, hər addımını yoxlayaraq, hər qarış yeri öz metodunun dimdiyilə eşələyərək bütün mümkün nəticələrə gələcək – yenə də o, incəsənətin nə olduğu barədə suala cavab verəcəkmi? Lakin elm üçün belə sualın özü mövcud ola bilməz, çünki o yenə də mahiyyəti arayır. Elm yalnız ona cavab verəcək ki, estetik həyəcan insanın digər ruhi həyəcanları sırasında hansı yeri tutur və insanı keçmiş minilliklərdə bədii yaradıcılığa nə sövq edib.   Fikrimiz buna qane olacaqmı? Dəqiq biliyin belə aydın cavablarından rahatlanacaqmı? Əlbəttə, yox… 

Bu sualları həll etməyə ümid edə biləcək yeganə metod – intuisiyadır, ilhamlı tapıntıdır, varlığın sirrini açmağa çalışan filosofların, mütəxəssislərin əsrlərlə istifadə etdiyi metoddur. Və mən incəsənətin sirrinin məhz filosofa məxsus və fikrimcə bütün bu ziddiyyələri aydınlaşdıran həllini göstərəcəyəm. Bu, Şopenhauerin cavabıdır. Bu filosofun estetikası onun metafizikası ilə çox bağlıdır. Lakin onun tapıntılarını fikrinin sıx qandallarından qopardıqda, onun sənət barədə təlimini təsadüfən sarmış «ideyalar» (numenlər və fenomenlər arasında vasitəçilər) təlimindən azad etdikdə, biz sadə və aydın həqiqəti alırıq: incəsənət dünyanın digər, qeyri-idraki yollarla dərkidir. İncəsənət – başqa sahələrdə vəhy adlandırdığımızdır. Sənət əsərləri – əbədiyyətə yarıaçılmış qapılardır… 

Bizim hamımız əbədiyyətdə yaşayırıq. Varlığın incəsənətin həll edə bildiyi sualları heç vaxt vacibliyini itirmir. İncəsənət bəlkə də bəşəriyyətin sahib olduğu ən böyük silahdır.

Elmin bütün külünglərinin, ictimai həyatın bütün baltalarının bizi qapamış qapıları və divarları dağıtmaq iqtidarında olmadığı halda, incəsənət bütün bu divarları dağıdacaq dəhşətli dinamit daşıyır, bundan əlavə – o, bu qapıların öz-özünə açıldığı həmin sehrli sim-simdir. Qoy müasir sənətkarlar öz əsərlərini şüurlu şəkildə sirlərin açarları kimi, bəşəriyyətə onun «mavi məhbəsindən» əbədi azadlığa açılacaq qapıların mistik açarı kimi yaratsınlar.

Комментариев нет: