“Dövr başa çatmamış bədii əsərə düzgün qiymət vermək mümkün deyil”

Yazar Unknown воскресенье, 15 февраля 2015 г. 0 коммент.

“Aydın yol”un suallarına Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Asif Hacılı cavab verir
Asif Hacılı 1960-cı il aprelin 3-də Gürcüstanda, Borçalı mahalının Sarvan şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildən Bakı Slavyan Universitetində (o zamankı M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu) müəllim kimi fəaliyyətə başlayıb.
Rus ədəbiyyatı tarixi kafedrasında müəllim, dosent işləyib. 1992-ci ildən ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışır, kafedranın professorudur. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünaslığın tarixi və metodologiyası fənlərindən mühazirə deyir, xüsusi seminarlar aparır.
1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
2000-2014-cü illərdə Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru işləyib. 2014-cü il martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru təyin edilib.
Əsərləri Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Özbəkistan, Tacikistan və Gürcüstanda nəşr edilib. 200-ə qədər elmi əsərin, o cümlədən monoqrafiya və dərs vəsaitlərinin müəllifidir. 30-a qədər dissertasiya işinə opponentlik edib, bir neçə doktorantın elmi rəhbəridir.
Rus dilinə dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin (Moskva) təsisçilərindən biri (2004), həmin cəmiyyətin ekspert-konsultativ şurasının üzvü (2008), Moskva Humanitar Pedaqoji İnstitutunun fəxri professorudur (2006).
- Asif müəllim, Azərbaycanın nüfuzlu elm-tədris müəssisələrindən birinə rəhbərlik edirsiniz. Uzun müddət tədqiqatlarla məşğul olmusunuz, təbiətinizə görə yaradıcı adamsınız. İnzibati işlə yaradıcılığı necə uzlaşdırırsınız?
- İnzibati işlə yaradıcılığı uzlaşdırmaq elə də asan deyil. Bunun müəyyən mənfi və müsbət tərəfləri var. Şəxsən mənim nümunəmdə inzibati iş, təbii ki, universitetlə bağlıdır. Universitet tələbələrdən, müəllimlərdən, inzibati heyətdən ibarət böyük bir strukturdur, mövcud qayda-qanunlarla fəaliyyət göstərir.
Əslində, inzibati işə də yaradıcı yanaşmaq lazımdır. Xüsusilə yaradıcı insanlarla – müəllimlərlə, tələbələrlə təmasda olanda tamamilə yeni, adama fantaziya kimi görünən ideyalar meydana çıxır. Həmin ideyaları reallaşdıranda bəlli olur ki, yaradıcılıq inzibati işə müsbət təsir edir. Təbii, belə iş xeyli vaxt alır, sırf elmi yaradıcılığa da maneçiliyi var, yəni yaradıcılığa az vaxt qalır. 
- Uzun illər Bakı Slavyan Universitetində prorektor kimi çalışmısınız. Yəqin ki, bu illər ərzində inzibati fəaliyyət sahəsində xeyli təcrübə də toplamısınız. 
- Mən inzibati işə ilk dəfə 2000-ci ildə başladım. O vaxta qədər həmişə sərbəst müəllimlik fəaliyyəti göstərmişdim. 2000-ci ildə Kamal Abdulla rektor təyin olunandan 2014-cü ilin mart ayına qədər universitetin tədris işləri üzrə prorektoru oldum. Bu dövrdə işə yaradıcı münasibət, yenilikçiliyə meyil, tələbələrlə ünsiyyətdə açıqlıq və təbii ki, iş üsulunda məsuliyyətli olmağı əxz elədim.
- Bu yaxınlarda tələbələrdən bir neçəsini müşavir təyin elədiniz. Bu təcrübə hansı zərurətdən ortaya çıxdı?
- Universitetimizdə həmişə tələbələrin fikrinə, mövqeyinə hörmətlə yanaşılıb. Onlar idarəçilikdə iştirak ediblər, bir çox maraqlı ideyalar, təkliflər irəli sürüblər. Daim tədrisin təşkilinə, ictimai işlərə maraq göstəriblər, tələbə həyatı ilə, yeni texnologiyalarla, digər məsələlərlə bağlı fikir bildiriblər. Onlarla söhbətdə tədricən gördüm ki, bu günün tələbəsi artıq yetkin düşüncəsi olan insandır, bəzilərinin öz ideyalarını həyata keçirmək üçün potensialı da var. Bu baxımdan belə gənclərin irəli çəkilməsi öz-özünə formalaşan fikir oldu. Çünki konkret vəzifə daşımasalar da, faktiki olaraq həmin işləri görürdülər. Tələbə olmalarına baxmayaraq, əslində, universitet rəhbərliyinə müşavir kimi kömək edirdilər. Həm onları, həm də digər  tələbələri həvəsləndirmək üçün belə bir təşəbbüs irəli sürüldü, üç tələbə müşavir təyin olundu. Ən əsası, müəllimlər də, tələbələr də həmin gəncləri müşavir kimi ciddiyyətlə qəbul edirlər, onların, açıq deyim, mənə çox böyük köməyi dəyir.
- Slavyan Universiteti Azərbaycanın ali təhsil müəssisələri arasında ən geniş beynəlxalq əlaqələri olan universitetlərdən biridir. Son illərdə hansı yeni əlaqələriniz yaranıb?
- Bəli, Bakı Slavyan Universitetinin çox geniş beynəlxalq əlaqələri var. Dünyanın üç qitəsini əhatə edən əlaqələr qurmuşuq. Avropada, Asiyada, Amerikada bizim tərəfdaşımız olan universitetlərlə əməkdaşlığımız daim dinamik inkişaf edib. Bu əlaqələr həm tədris, həm də elm sahəsini əhatə edir. Tələbələrimiz bir-biri ilə daim ünsiyyətdədir, bu məsələdə biz də öz yardımımızı əsirgəmirik. Slavyan xalqlarının mədəniyyətini, tarixini, ədəbiyyatını öyrənib tədris etmək başlıca fəaliyyət istiqamətimiz olsa da, artıq neçə illərdir bir işi də görürük - başqa ölkələrdə Azərbaycan mədəniyyətinin, dilinin təbliği ilə məşğul oluruq. Bir sıra xarici ölkədə - Rusiyada, Ukraynada, Bolqarıstanda mərkəzlərimiz var. Həmin mərkəzlər uğurla fəaliyyət göstərir.
Təxminən on il əvvəl biz xarici əlaqələr qurmağa cəhd edirdik, indi isə tamam başqa bir tendensiyanın şahidiyik. Azərbaycan çox ciddi maraq doğuran dövlətə çevrilib. Mən bunu real faktlara əsaslanıb deyirəm. Universitetimizə təkliflər gəlir ki, xarici ölkələrdə mərkəzlərimizi açaq. Polşadan, Hollandiyadan, hətta ərəb ölkələrindən Azərbaycan dilinin, mədəniyyətinin həmin ölkələrdə tədrisi ilə bağlı xahişlər gəlir. Yəni hazırda tərəfdaş tapmaq üçün xüsusi axtarışa ehtiyac yoxdur. Azərbaycanın iqtisadi qüdrətinin, potensialının, nüfuzunun artmasının nəticəsidir ki, bunun sayəsində həm bizə, yəqin həm də respublikamızın başqa universitetlərinə müraciət edərək əməkdaşlıq qurmaq istəyirlər.
- Rəhbərlik elədiyiniz təhsil müəssisəsi həm də Azərbaycan gənclərinin dünyaya çıxışını təmin edən universitetlərdəndir. Yəni hazırladığınız kadrlar təkcə slavyan dillərini yox, başqa dilləri də mənimsəyirlər...
- Universitetimizdə Azərbaycan, eləcə də regionumuz, geniş mənada bəlkə də Şərq bölgəsi və MDB üçün nadir sayılan dillər üzrə yüksək səviyyəli mütəxəssislər hazırlanır. Polyak, çex, Ukrayna, belorus, yunan, bolqar dilləri üzrə mütəxəssislər məhz bizim universitetin məzunlarıdır. Biz yalnız dil öyrətmirik, həmin ölkələrin mədəniyyətini, tarixini, coğrafiyasını, iqtisadiyyatını bilən ölkəşünas mütəxəssislər, tərcüməçilər yetişdiririk. Bizdə Qərbi Avropa dilləri - roman, german, yəni ingilis, fransız, alman dilləri üzrə tərcüməçilər də hazırlanır. Paralel olaraq, universitetdə ixtisaslı türkiyəşünaslar yetişdirilir, ərəb və latın dilləri də müəyyən qədər öyrədilir. Gələcəkdə bu sahəni genişləndirməyi planlaşdırırıq.
- Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetini nəzərə almasaq, yanılmırıqsa, Azərbaycanda tərcüməşünaslıqla bağlı ilk tədris qurumları, tərcüməşünaslıq kafedraları, laboratoriyalar sizdə yaranıb...
- Ənənəvi tərcümə dillərindən söhbət gedirsə, elədir. Polyak, yunan, Ukrayna dilləri üzrə ilk dəfə biz tərcüməçilər hazırlamağa başlamışıq. Universitetimizdə tərcüməçilik üzrə güclü tədris bazası, kafedralarımızda yaxşı mütəxəssislər, texniki avadanlıq, laboratoriyalar, linqofon kabineti var. Eyni zamanda, bunların elmi bazası olan tərcüməşünaslıq kafedrası, tərcümə problemləri laboratoriyası fəaliyyət göstərir. Bütün bunlar təbii ki, öz bəhrəsini verir. Bizdə tərcüməşünaslıq həm tədrisdə, həm də praktik fəaliyyətdə geniş yer tutur.
- Tərcümə problemləri laboratoriyası neçə il əvvəl çox maraqlı bir seriyanın nəşrinə başlamışdı: “Filoloqun kitabxanası” seriyasından dünya dilçiliyinin, ədəbiyyatının problemlərinə həsr olunmuş 100 kitabın çapı nəzərdə tutulurdu. Həmin kitablardan bəziləri artıq işıq üzü görüb. Bu ənənə davam eləyəcəkmi?
- Həmin laboratoriyanın müdiri akademik Kamal Abdulladır. Dediyiniz seriya onun rəhbərliyi altında uğurla icra olunan layihədir. “100” rəqəmi burada rəmzi məna daşıyır, həmin layihə çərçivəsində humanitar sahələr - dilçilik, məntiq, fəlsəfə, ədəbiyyatşünaslıq üzrə dünya elmində iz qoymuş mühüm əsərlərin orijinaldan tərcüməsi həyata keçirilir. Artıq bir çox kitablar, dediyiniz kimi, işıq üzü görüb. Həm ədəbiyyatşünaslıq, həm dilçiliklə bağlı indi də üzərində iş gedən kitablar var. Çalışacağıq bu ənənə davam etsin.
Adını çəkdiyiniz laboratoriyanın bir layihəsi də “Tərcümə ensiklopediyası”dır. Azərbaycanda indiyədək tərcüməşünaslıqla bağlı belə bir layihə həyata keçirilməyib. Mən bilən, heç keçmiş Sovetlər Birliyində də belə akademik nəşr hazırlanmayıb. Layihəyə bir çox mütəxəssis cəlb olunub, görkəmli tərcüməçilər həmin ensiklopediyanın hazırlanmasında iştirak ediblər. Bir sözlə, neçə illərdir bu nəhəng layihə üzərində iş gedirdi. Artıq ensiklopediya çapa hazırdır, yəqin bu yaxınlarda işıq üzü görəcək. İstərdim həmin nəşrin təqdimatını Azərbaycan Tərcümə Mərkəzi ilə birgə keçirək.
- Söz ki tərcümədən düşdü, deyək: uzun illər Azərbaycanda tərcümə məktəbinin olmamasından əziyyət çəkmişik. 1989-cu ildə yaradılan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi təəssüf ki, tam gücü ilə az müddət fəaliyyət göstərdi, sonra sistemin dəyişməsi ucbatından fəaliyyətində çətinliklər yarandı.
Azərbaycan Prezidentinin Sərəncamı ilə Nazirlər Kabineti yanında yaradılmış Tərcümə Mərkəzi bu il fəaliyyətə başladı. Mərkəz artıq ilk kitablarını nəşr edib, “Xəzər” jurnalı, “Aydın yol” qəzeti çap olunur, Azərbaycan dilinin qorunması istiqamətində əməli işlər görülür. Tərcümə Mərkəzi ilə birgə hansısa layihələr həyata keçirmək barədə düşünmüsünüzmü?
- Tərcümə Mərkəzinin yaradılması Azərbaycanın gələcəyi üçün atılmış çox əhəmiyyətli addımdır. İstərdim ictimaiyyəti, eyni zamanda görkəmli ədibimiz, yazıçı-tərcüməçi Afaq Məsudu, onun rəhbərlik etdiyi kollektivi Mərkəzin yaradılması münasibətilə təbrik edim. Əminəm ki, Afaq xanımın başçılığı ilə Mərkəzdə çox böyük işlər görüləcək. Bakı Slavyan Universiteti, dediyim kimi,  xeyli müddətdir həm kadr hazırlığı ilə, həm də praktiki tərcüməçiliklə məşğul olur. Bizdə bayaq haqqında danışdığımız laboratoriyadan başqa tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrası, tərcümə fakültəsi də var. Yəni bir çox sahələrdə Tərcümə Mərkəzi ilə birgə işlər görə, Azərbaycanda tərcümə işini slavyan dilləri üzrə tərcümələrlə zənginləşdirə bilərik. Şərqi Avropa dillərindən Azərbaycan dilinə və ya Azərbaycan dilindən həmin dillərə tərcümə də çoxdan vaxtı çatmış məsələdir. Uzun illər belə tərcümələr rus dili vasitəsilə edilib, kəmiyyət və keyfiyyət sarıdan üçüncü dilin araya girməsi məqsədəuyğun deyil. Ancaq həmin ölkələrin zəngin ədəbiyyatı var, onların tərcüməsinə biz də qoşula bilərik. Əminəm ki, Tərcümə Mərkəzi ilə birgə tərcüməşünaslığın elmi-nəzəri müzakirəsində, müəyyən vəsaitlərin, topluların hazırlanmasında iştirak edə bilərik. Əməkdaşlığımızın üçüncü bir sahəsi də maraqlı olar: universitetimizin tələbələri müxtəlif müəssisələrdə təcrübə keçirlər, onları Tərcümə Mərkəzinə göndərə bilərik.
- Bəlkə elə Slavyan Universitetində Tərcümə Mərkəzinin təqdimatını da keçirmək olar...
- Niyə də olmasın? Bu, bizim tələbə və müəllim heyətimizə maraqlı, ənənəmizə və təcrübəmizə isə uyğun olar. Burada 4000-nə qədər tələbə təhsil alır, onların da diqqətini çəkər. Məncə, çox faydalı aksiya olar. 
- 2008-ci ildə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”nın nəşr olunması haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzaladı. Sərəncama əsasən, kitabların tərcüməsi və çapa hazırlanması Bakı Slavyan Universitetinə həvalə olundu. Layihənin icra vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Bu, böyük bir hadisə idi. Olduğum ölkələrin heç birində dövlət səviyyəsində belə bir genişmiqyaslı layihə haqqında eşitməmişəm. Bu, dövlətin birbaşa tərcüməşünaslığa, təhsilimizə, mədəniyyətimizə qayğısıdır. Dövlət vəsait ayırır, kitablar yüksək tirajla çap olunur, universitetlərə, kitabxanalara pulsuz paylanır, müəlliflərə qonorar verilir.
Söhbət ondan gedir ki, Azərbaycanda müəyyən tərcüməçilik ənənəsi olsa da, keçid dövründə həmin ənənə zəiflədi. Eyni zamanda, o ənənənin bir qüsurlu cəhəti də vardı ki, orijinaldan tərcümə az idi. Sözügedən layihə tərcümə işinin dirçəlməsinə stimul verdi. Bir çox tanınmış tərcüməçilər bu işə qoşuldular, gənc tərcüməçilər meydana çıxdı.
İnanıram ki, görülən işin ədəbi prosesimizə də müsbət təsiri olacaq. Bir çox əsərlər Azərbaycan dilində ilk dəfə işıq üzü görür. Əlbəttə, hər bir işdə nöqsan da, müsbət, mənfi cəhətlər də ola bilər.
- Bir qədər də şəxsi yaradıcılığınızdan danışaq. Siz Azərbaycanın elmi-ictimai mühitində tədqiqatçı kimi daha çox Axıska türklərinin folklorunu araşdırmaqla tanınmısınız. O kitab indi də həmin istiqamətdə işləyən mütəxəssislərin əksəriyyətinin müraciət etdiyi mənbələrdən biridir. Bundan başqa, “Qurani-Kərim rus ədəbiyyatında” adlı tədqiqat əsəriniz də var. Yaradıcılıq işləriniz nə yerdədir?
 - Hər insanın bir mahiyyəti olur. Mənim də varlığım elmə bağlıdır. Hazırda işimin bir sahəsi kimi rus ədəbiyyatı, rus nəsri, onun mifopoetika məsələləri ilə məşğul oluram. Yəni XX əsrin ikinci yarısı, XXI əsrin əvvəllərində yaranmış rus nəsrinin mifopoetikası ilə bağlı iri həcmli kitab üzərində işimi başa çatdırmışam, yaxın vaxtlarda nəşriyyata verəcəyəm.
“Qurani-Kərim rus ədəbiyyatında” əsərimin davamı kimi ondan həcmcə böyük olan “Qafqaz müharibəsi rus ədəbiyyatında” adlı monoqrafiyam çapa hazırlanır. Həmin kitabı xeyli vaxtdır tamamlamışam, üzərində bir qədər də işləmək istəyirəm. Axıska türklərinin ədəbiyyatı ilə bağlı üç yeni kitabım çıxıb. Bunlardan biri Aşıq Molla Məhəmməd Səfilinin yaradıcılığına həsr olunub. Onun haqqında indiyədək heç nə məlum deyildi. Bir kitab Axıska türklərinin sürgün folkloru, digəri isə inancları ilə bağlıdır. Yenə də poetika məsələlərini araşdırıram. Rus şəbəkə ədəbiyyatı haqda bir kitabçam çıxdı. Azərbaycan şəbəkə ədəbiyyatı haqqında da qeydlərim var, üzərində işləyirəm, tamamlayıb bir kitab eləmək fikrindəyəm.
- Uzun müddətdir həm də ədəbi manifestləri araşdırırsınız.
- Onları da ayrıca kitab kimi nəşr etdirmək istəyirəm, ancaq doğrusu, vaxt tapa bilmirəm. Tamamlayıb çox maraqlı bir toplu etmək olar. Ümidvaram ki, yaxın vaxtlarda yekunlaşdırıb çapa verəcəyəm.
- Sizin bir ideyanız da vardı - slavyan xalqlarının ədəbi antologiyasını nəşr etdirmək istəyirdiniz...
- Bəli, belə bir ideya var. Sadəcə, işlərin çoxluğu bu istəyi gerçəkləşdirməyə imkan vermir. Məncə, o ideyanın həyata keçirilməsi də əhəmiyyətli bir iş olar. Çünki hələlik bizdə slavyan xalqları ədəbiyyatının belə toplusu yoxdur. Halbuki o xalqların ədəbiyyatı və mədəniyyəti Azərbaycan oxucusu üçün çox maraqlıdır. Onları ortaya çıxarmaq lazımdır.
- Azərbaycan ədəbiyyatının mənzərəsinə baxanda sizdə hansı təəssürat yaranır?
- Bir sözlə ifadə etsək, indiki ədəbiyyat axtarışdadır. Ədəbiyyat həmişə axtarır,  amma indi bu proses daha da intensivləşib. Bu gün Azərbaycan ədəbiyyatı sanki milli qaynaqlarla dünya ədəbi prosesi arasında öz yerini müəyyənləşdirməyə çalışır.
- Sizcə, dünyaya çıxarılası ədəbi əsərlərimiz yaranırmı?
- Əlbəttə. Sadəcə, çoxumuz dünyaya çıxmağın mexanizmini kifayət qədər bilmirik. Kamal Abdullanın əsərləri bir çox ölkədə nəşr olunub. Afaq Məsudun əsərləri də son illər Avstriyada, Estoniyada işıq üzü görüb. Başqa yazıçılarımızın da Türkiyədə, Rusiyada, ABŞ-da və digər ölkələrdə çap olunmuş əsərləri var. Bu özü elə dünyaya çıxmaqdır.
Ədəbiyyat arasıkəsilməz, həm də uzunmüddətli prosesdir. Ona görə də, fikrimcə, yazılmış və yazılan əsərlərə tarix qiymət verəcək. Hər hansı dövr başa çatmamış həmin müddətdə yazılmış əsərlərin mədəniyyətdə və mənəviyyatda hansı yeri tutacağına əvvəlcədən hökm vermək çox çətindir.

Nəriman ƏBDÜLRƏHMANLI, Qızılgül ABDİNOVA
Mənbə : http://aydinyol.az

Комментариев нет: