Ədəbiyyatda sosiallıq - Blas de Otero

Yazar Unknown вторник, 3 февраля 2015 г. 0 коммент.


Professor Asif Hacılının tərcümə və təqdimatında:

MANİFESTLƏR

ƏDƏBİYYATDA   SOSİALLIQ

Bədii ədəbiyyatın sosial təbiəti haqqında konsepsiya estetik-filoloci təlimlər sırasında mühüm yer tutur. Ədəbi fikrin ictimai şüur forması, bədii yaradıcılığın inikas növü olması, incəsənətin idraki-tərbiyəvi əhəmiyyəti, bədii mətnin gerçəyin təcəssümü və cəmiyyətə təsir vasitəsi kimi sosial səciyyəsi haqqında bir çox mülahizələr söylənmiş, elmi məktəblər yaranmışdır. Müxtəlif mərhələlərdən keçmiş, klassisizm, sentimentalizm, naturalizm, tənqidi realizm kimi böyük məktəblərdə aşkarlanmış bu meyl  XX əsrdə sosialist realizmi nəzəriyyəsi və təcrübəsində öz  ifrat ifadəsini tapmışdır. Əsasən  sosialist ölkələrində  yayılmış və  əslində dövlət ideologiyasının  ruporuna, təbliğ-təşviq vasitəsinə çevrilmiş sosialist realizmi ilə paralel olaraq bir çox digər ölkələrdə də ədəbiyyatın sosial roluna söykənən cərəyanlar - sosial poeziya, sosial realizm, neorealizm, magik realizm, sosial satira, solçu cərəyanlar, sosial islam və sosial xristian meylləri və s. ortaya çıxmışdır. Hazırda izlənilən «yeni realizm», «uydurulmamış nəsr», «amansız nəsr», «düşərgə ədəbiyyatı», «gerçək ədəbiyyat» kimi meylləri də sosial realizm poetikası ilə bağlamaq olar.
İfrat   məqamlar  qeyd olunmaqla bərabər, sosial yönümlü ədəbiyyatın yüksək sənət nümunələri dəyərləndirilməli, ümumən bədiiyyatın cəmiyyətə, reallığa bağlılığı təsbitlənməlidir. İnsanın ətrafından və  ən faciəlisi – özündən təcridləndiyi, tək və tənha qaldığı, batin və zahir arasında ilişgilərin qırıldığı, fərdiyyətin silindiyi,  təbəqələşmənin dərinləşdiyi çağdaş qloballaşma dövründə, texnotron və  informativ cəmiyyətdə ədəbiyyatın sosial vəzifələri unudulmamalıdır. İspan sənətkarları Blas de Otero və Alfonso Sastrenin sosial ədəbiyyat haqqında təqdim etdiyimiz manifestləri bu  baxımdan əhəmiyyətli hesab edilə bilər.

Blas de Otero

 
MANİFEST


İspaniyanı  ya piyada, ya qatarla gəzərkən biz kəndlər, qəsəbələr və şəhərlər gördük, körpü məhəccərinə söykənib fikrə daldıq, geniş prospektləri keçdik, əkinçilərin sadə danışığına və gur küçələrin və meydanların mizansız küyünə qulaq asdıq.
Gözümüz qarşısından kölgəli eyvanlar və al libasların fırlandığı günəşə qərq olmuş meydanların qumları keçirdi, çöl üstündə yaxın ulduzları və qayalara çırpılan dalğaları görürdük. Biz cəmiyyətin bütün təbəqələrini, bütün sinifləri və onların çeşidli məfkurəsini öyrəndik, özümüzü sanki bunun bizə dəxli yoxmuş kimi göstərərək səfilliyi və dövrün ziddiyyətlərini yaşadıq.
İlləri inadla fəth edərək, kor inam, ətalət, yalanla çarpışaraq biz əsil həqiqətə can atırdıq. Biz bir çox gözəl və riqqətli səhifələr oxuduq; məhz xatırlamaq istəmədiyimizdən heç nəyi unutmadıq və bağışlamadıq. Səbəbsiz qəzəb və həsədə imkan verdik ki, istədiyini desin və hamı kimi biz də necəsə bir  neçə sətir yazdıq və bir kərə qəzəblə qəzeti kənara atdıq.
Öz həyat tarixçəmizi doğma ölkəmizin tarixiylə tutuşdurub aşkarladıq ki, bunlarda xeyli müştərəklik və eyni dərəcədə çox izaholunmazlıq var; eyni zamanda anladıq ki, bizim öz tariximiz hamı üçün şəfəq saçan günəş kimi adidir.

Əməl

Hamımız bilirik, insanları dinləməyə məcbur etmək necə çətindir. Həmişəki kimi, ətrafda dəvətli çox, seçilmişlər azdır. Yenə də qərarlaşın, çağırmağa başlayın, çünki ümumi diqqətsizliyin səbəbi eşitməkdən çox, səs çatışmazlığındadır.
Bugünki vəzifə müasirliyin faciəsinə yaxınlığını isbatlamaq və sonra mümkün qədər tez onun dəfinə başlamaqdır. Aydındır ki, ən çətini dəf etməkdir. Heç bir yaradıcı xarabalıqlardan bina qaldıra bilməz, əgər onun müsbət idealı yoxdursa, əgər o, indidə gələcəyin dayaqları olacaq öz dəyərlər şkalasını və öz həqiqət məktəbini yaratmayıbsa.
Mən sosial poeziyaya o şərtlə inanıram ki, şair sosial mövzulara ənənəvi mövzulara olduğu qədər səmimiyyət və ilhamla yanaşsın.

Şeir


Həyati gerçəklik və ədəbi nəsr arasında şahmat oyununun bütün fəndlərindən istifadə edən, lakin dəqiq çərçivələrə bölünmüş meydandan məhrum olan poeziya ucalır. Bu, nə qədər sıx və qapalı olsa da hətta sonetə də aiddir. Axı bir gün kimsə onu da dərinləşdirir, içəridən sarsıdır: kimsə bütöv bir ölkənin tarixini bir kədərli sözə yerləşdirə bilərək, onun sərhədlərini dağıdır.
Yalnız kiminsə dodaqları toxunduğu məqamda səslənən səssiz şeir  - ultrasəsin şəksiz, surəkli mövcudluğunun maraqlı hadisəsi.
Qızıl gül yatır, əsgər yatır. Hamı yuxulayıb. Yalnız tək bir poeziya ayıqdır, süjetsiz, fabulasız poeziya, sabahkı günə yönəlmiş poeziya. Qızıl gülü kənara qoyun. Qoy o, hərəkətsiz, yatmaqda davam etsin. Axı necə olsa da, qızıl gül – yalnız ziddiyətlərlə dolu reallıqdır, zamanın hökmündə olan bir ovuc parlaq güldür.
Şeir – nəsə tamam başqa şeydir. O, şairin seçdiyi reallıq deyil, çılğıncasına azad nəsr deyil. Cəmi bir sətir onlarla gizli mənalar, yüzlərlə ideal doğurur, əsgərləri döyüşə aparır.
Kiçik uşaqların – müharibədən əvvəlki şairlərin qiymətini bilək. Heç kimin konkret adını çəkmək istəmirəm, çünki onların hamısı bizə çoxlu yeni peyğəmbər, qruplaşmalar, ən əsası – daha bir indi itirilmiş şey – sülh bəxş etdi.
Şeir nəyinsə naminə mövcud olmalıdır, sətir nəyəsə qulluq etməlidir – əməlin bilavasitə nəticəsi, demək olar, bizim indiyədək girişə bilmədiyimiz bütöv inqilabdır.

 
Poeziya və söz 


İki yazı üsulu məlumdur: danışıq və kitab. Əgər danışılan kimi yazmağa dəymirsə, onda danışılmayan kimi  yazmağa heç dəyməz. Böyük  Qonqora öz «Guşənişinlik» kitabında Teresa de Senedanın  mühakimələrini verir.        Uzağa getməmək üçün yalnız onu deyək  ki, sözün canlı nəfəsə ehtiyacı var və çap sətri sözü qəfəsə salmaqdan başqa  bir şey deyil. Şair – ya nəğməkardır, ya da heç nə: zavallı  ədəbazların müqəvvaları üçün zərif qəfəslər düzəldən əsnaf.
Val,  maqnitofon lenti,   gitara, radio, televiziya, daha  yaxşısı – canlı insan səsi sözü kitab səflərindən xilas edə, ona azadlığını, həyatiliyi və birbaşa  səslənməni qaytara bilər, daha doğrusu, bilərdi. Əgər dünyada heç olmasa bir səslənən söz varsa – poeziya janrıdır. Mövzulara gəldikdə isə, onlar günbəgün artır.

Poeziya necə olacaq

Biz söz gözləyirik. Ağır dəmir qapı yüngülcə aralanır və sübh  şəfəqinin zəif  işartısını buraxır. Bu qapı hara aparır? Onun arxasında mavi plastiki və sarı şüşələri ilə bərq vuran nəhəng zavodmu görəcəyik?
Yox, fikirləşirəm ki, yox.
Bəlkə biz yaşıl çəmənliklər arasında, enli ağ saqqız lenti ilə dövrələnmiş şəhərə düşəcəyik? Qətiyyən yox!
Ancaq biz hələ də kandarda durmuşuq, açar sözü gözləyərək.
Bəlkə orada, qapı arxasında bizi maşınlarla dolu, uzaqdan 6700000 vattlıq gücü olan hidroelektrostansiya görünən tarla gözləyir?
Biz şəhərliləri, kəndliləri, fəhlələri görəcəyik. Bəs ayrıca insan necə olsun? Biz  əvvəlkitək yenə də sözü gözləyirik.
Kinofilmlər, televerilişlər,   illüstrasiyalı curnallar, qəzetlər sanki vedrədən tökülür… Poeziya nədir? Biz söz gözləməkdə davam edirik, çünki o canlıdır – dəqiq, ifadəli və eyni zamanda  gözlənilməz. Yeni poeziyanın ritmi, sintaksisi necədir? Onu hansı sözlər qidalandırır? Biz yenə də yarıaçıq qapı qarşısındayıq. Onu açmaq vaxtıdır.

Комментариев нет: