Futurizmin ilk manifesti – Filippo Tommazo Marinetti

Yazar Unknown среда, 4 февраля 2015 г. 0 коммент.

        Professor Asif Hacılının tərcümə və təqdimatında: 

        MANIFESTLƏR  

        FUTURİZM 

 Keçən əsrin əvvəllərində texnika, sürət, yarış, rəqabət, tüstü, gurultu, təzyiq insanı çulğayaraq təfəkkürə, dəyərlərə, nəhayət, ruha sirayət etməyə başlamışdı. Tək və tənha qalan insan zaman və məkandan qopur, çaşbaş qalırdı. Və bu dövrdə yaranan fəlsəfi-estetik cərəyanlar ədəbiyyatla bərabər ictimai şüuru, mədəniyyəti, incəsənəti ehtiva edirdi. Dövrün ruhunu əks etdirən ilk belə ümumavropa cərəyanlarından biri futurizmdir. Futurizm yalnız ədəbi meyl deyil, ictimai mövqe, təfəkkür tərzi, estetik meyar və bədii təcrübə  kimi ortaya çıxdı. Bir qədər sonra taleyini Mussolini ilə bağlamış İtaliya ədibi Filippo Tommazo Marinettinin «Futurizmin ilk manifesti» (1909) və «Futurizmin texniki manifesti» (1912) ilə nəzəri təsbitini tapmış bu cərəyan daha çox elə ədəbi manifestlərdə ifadə olunurdu. Futurizm tarixin keçid dövrünə xas çılğın, inkarçı, əslində mahiyyətcə sənətin ruhuna yad cərəyandır. Və keçid mərhələlərində müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda keçən əsrin əvvəllərində «Oxuma, tar!», XX və XXl əsrlərin qovşağında isə «Doloy Füzuli!» kimi ortaya çıxan «futurist» tezislər həm də bu ümumi təfəkkür tipologiyası ilə izah edilə bilər. Futurist manifestlərlə tanışlıq buna görə yalnız tarixi-ədəbi deyil, günümüzdəki dolaşıq prosesləri qiymətləndirmək baxımından əhəmiyyətlidir.                                                                                                                                                                                                        Asif Hacılı 


Filippo Tommazo Marinetti 



FUTURİZMİN İLK MANİFESTİ  



Bütün gecəni dostlarımızla elektrik işığında oturduq. Lampaların məscid qübbələrini xatırladan mis kolpakları öz mürəkkəbliyi və əcaibliyi ilə bizə bənzəyirdi, lakin onların artında elektrik ürəklər döyünürdü. Tənbəllik bizdən əvvəl doğulub, ancaq biz zəngin fars xalıları üzərində oturmaqda davam edir, ağzımıza gələni danışır və kağız korlayırdıq. 



Özümüzdən çox qürrəliydik: axı yalnız biz oyaq idik, mayaklar və kəşfiyyatçılar kimi yatmırdıq. Biz bütöv ulduz topası ilə təkbətək qalmışdıq, onlar bizim düşmənlərimiz idi və səmada düşərgə salıb durmuşdular… 

                                                                                
                                                                               ***
… Və birdən lap yaxından gurultu eşitdik. Yaxınlıqda al-əlvan işıqları ilə atılıb-düşən nəhəng ikimərtəbəli tramvaylar keçirdi… Sonra hər şey sakitləşdi. Biz yalnız köhnə kanalın iniltisini və köhnə uçuq sarayların sümüklərinin şaqqıltısını eşidirdik.Və qəfildən pəncərəmizin altında ac vəhşi heyvanlar kimi avtomobillər nərə çəkdi: 

– Hə, dostlar, – dedim, – irəli! Mifologiya, mistika – hər şey arxadadır! Gözlərimiz qarşısında yeni kentavr yaranır – motosikletli insan, – ilk mələklərsə səmaya aeroplanların qanadlarında qalxır. Gəlin həyatın qapılarına elə zərb gələk ki, bütün cəftə və kilidlər yerə səpələnsin!.. İrəli! Artıq yer üzünə yeni şəfəq doğur!.. İlk dəfə öz al qılıncı ilə əbədi zülməti yaracaq bu alovlu şəfəqdən gözəl heç nə yoxdur! 

Oradasa üç avtomobil durur və fınxırırdı. Biz onlara yanaşaraq nəvazişlə yallarını oxşadıq. Mənim avtomda dəhşətli darısqallıqdır, tabutdakı kimi uzanırsan, ancaq indi birdən sükan sinəmə dirəndi, cəllad baltası kimi kəsdi və mən tezcə ayıldım. 

Divanəliyin iti burulğanında dərimiz boğazımızdan çıxdı, özümüzdən qopduq və qurumuş çayın məcrası kimi qozbel küçələrlə sürükləndik. Gah orda, gah burda pəncərələrdə zəif, solğun işıqlar görünürdü, onlar sanki deyirdilər: gözlərinizə inanmayın, həddən ziyadə ayıq baxışa inanmayın! 

– Hissiyyat! – qışqırdım, – Vəhşi heyvana hissiyyat da bəsdir! 

Və cavan şirlər kimi ölümün dalınca qoşduq…
                                                                              ***

… Ölüm çox razı görünürdü. Hər döngədə o, irəli çıxır və mehribancasına sümüklərini uzadırdı, ya da dişlərini qıcayaraq ləzzətlə gölməçələrdən baxırdı.

– Gəlin Ağılın çürümüş qılafından qurtulaq!.. Qoy məchulluq bizi udsun! Buna dərddən yox, onsuz da intəhasız olan mənasızlığın daha da çoxalması üçün gedirik!… 

… Sifətimiz tər içindədir, metal qırıntıları və səmaya ucalan zavod borularının hisi ilə qarışmış zavod çirkinə bulaşıbdır, qırılmış əllərimiz tənziflənibdir... 

… Və beləcə biz ilk dəfə yerdə yaşayanların hamısına öz iradəmizi elan etdik: 
1. Yaşasın risq, iddia və ram edilməz enerji!
2. Cəsarət, şücaət və qiyam – şeirlərimizdə məhz bunları vəsf edirik.
3. Köhnə ədəbiyyat fikir tənbəlliyini, heyranlıq və hərəkətsizliyi vəsf edirdi. Bizsə həyasız təzyiqi, çılğın sərsəmliyi, nizami addımları, təhlükəli sıçrayışı, sapalaq və yumruqlaşmanı vəsf edirik. 
4. Biz deyirik: gözəl dünyamiz daha da gözəlləşib – indi onda sürət var. Yarış avtomobilinin altından tüstü qıvrılır və alov saçır. Nəfəsi pulemyot atəşinə bənzəyir və onun gözəlliyi ilə hansısa Samofrakiyalı Nika müqayisə edilə bilməz. 
5. Biz sükan arxasındakı insanı vəsf edirik. Sükan yeri vurub keçir və o, dairəvi orbitlə fırlanır. 
6. Qoy şair nə gəldi desin, qoy onun səsi gurlasın və ilkin qüvvələri oyatsın.
7. Mübarizədən gözəl heç nə yoxdur. Həyasızlıq olmadan şedevr yoxdur. Poeziya şər qüvvələri əzəcək və insana tabe edəcək. 
8. Biz yüzilliklərin qovşağındayıq!… Nədən keçmişə boylanmalıyıq? Axı Mümkünsüzlüyün sirli aləminə pəncərə açmaqdayıq. Nə zaman var, nə məkan. Əbədiyyətdə yaşayırıq, dünyamıza yalnız sürət hakimdir.
9. Yaşasın müharibə, yalnız o, dünyanı təmizləyə bilər. Yaşasın silah, Vətənə məhəbbət, anarxizmin  dağıdıcı gücü, hər şeyi dağıtmaq idealları. Qadınlar rədd olsun! 
10. Biz bütün muzeyləri, kitabxanaları darmadağın edəcəyik. Rədd olsun əxlaq, qorxaq barışdırıcılar, mənfur obıvatellər!
11. Biz kütlənin işçi küyünü, sevincli uğultusunu və qiyamçı nərəsini vəsf edəcəyik… 
                                                                            ***
Bu manifesti haradasa yox, məhz İtaliyada elan edirik. O, bütün dünyanı devirəcək və atəşə qərq edəcək. Bu gün bu manifestlə futurizmin əsasını qoyuruq. İtaliyanı xəstəlikdən qurtaracağıq – tarixçilərdən, arxeoloqlardan, sənətşünaslardan, əntiqçilərdən… 

İtaliya uzun müddət köhnə-kürüş tullantıları ilə dolub. Onu sonsuz muzey zibilindən təmizləmək lazımdır – bunlar ölkəni nəhəng qəbiristanlığa çevirir. 

Muzeylər və qəbiristanlıqlar! Bunları bir-birindən fərqləndirmək olmur – heç kimin tanımadığı və fərqlənməyən meyitlərin bəd yığnağı. Bunlar iyrənc və məchul məxluqların qalaqlandığı ictimai yataqlardır. Rəssamlar və heykəltaraşlar bir-birinə bütün nifrətini muzeyin cizgilərinə və rənglərinə həkk edirlər. 

Muzeyə ildə bir dəfə – qohumların məzarına baş çəkdiyin kimi getməyi necəsə başa düşmək olar!.. Hətta Cokondaya gül buketi aparmaq – bunu hələ anlamaq olar! Ancaq ora hər gün bütün dərdlərimiz, zəifliyimiz, qüssəmizlə getmək – bu heç araya sığmır!… Nədən ruhunu zəhərləməlisən? Nədən ağlayıb-sızlamalısan? 

Köhnə rəsmdə yaxşı nə görəcəksən? Yalnız rəssamın yazıq cəhdlərini, niyyətini ifadə etməyə sona qədər imkan verməyən maneəni dəf etməyə əbəs səyini… 

Köhnə rəsmə  heyranlıq – ən gözəl hisslərini diri-diri dəfn etmək deməkdir. Yaxşısı budur onları əməli, yaradıcı məcraya yönəlt. Nədən gücünü keçmişə yönəlik ah-vaya sərf edirsən? Bu, yorur, əldən salır, boşluq yaradır. 

Həyata keçməmiş istəklərin dəfn olunduğu, ən gözəl arzuların qəhr edildiyi, puç olmuş ümidlərin qrafalarla göstərildiyi muzeylərə, kitabxanalara, akademiyalara getməyin mənası nə?! 

Rəssam üçün bu, ağıllı, istedadla dolu gəncliyə ifrat qayğı kimi bir şeydir. 

Sısqalar, şikəstlər, məhbuslar üçün bunu yenə necəsə izah etmək olar. Bəlkə də, onlar üçün köhnə gözəl dövrlər yaralarına məlhəmdir: gələcəkləri onsuz da yoxdur. Bizim üçün bu lazım deyil! Biz gəncik, güclüyük, tam qüvvəmizlə yaşayırıq, biz – futuristlərik! 

Hey, əlləri qarsalanmış şanlı alışdırıcılar! Gəlin! Başlayın! Kitab rəflərini alovlandırın! Kanalların suyunu muzey sərdabələrinə yönəldin və onları batırın!.. Qoy sel böyük rəsmləri aparsın! Bel və kürəkləri götürün! Qədim şəhərləri dağıdın! 
                              
                                                                          ***

Çoxumuzun otuz yaşı da yoxdur. İşimizsə onilliyə yetməz. Qırx yaşımız olacaq və onda qoy gənclər və güclülər bizi lazımsız köhnə-kürüş kimi zibilliyə atsınlar!… Onlar öz ilk şeirlərinin ahəngi altında bütün dünyadan, ən ucqar güşələrdən səyirdib gələcəklər. 

Onlar caynaqları ilə havanı cırmaqlayacaqlar, akademiyaların qapılarını qoxulayacaqlar. Bizim kitabxana katakombalarında yer alası iylənmiş ideyalarımızın üfunətini udacaqlar.

 Biz isə artıq orada olmayacağıq. Nəhayət, qış gecəsi bizi təmiz çöllükdə mənhus anqarın yanında tapacaqlar. Sısqa yağış altında, titrəyən aeroplanlarımızın yanında zəif tonqal ətrafında toplaşaraq əllərimizi isidəcəyik. Tonqal sevinclə alovlanacaq və bizim kitablarımızı həzm edəcək, onların obrazları isə qığılcım kimi göyə qalxacaq. 

Onlar ətrafımıza toplaşacaq. Qəzəb və acıqdan nəfəsləri təngiyəcək. Qürurumuz və cəsarətimiz onları haldan çıxaracaq. Üstümüzə cumacaqlar və bizə məhəbbət və heyranlıqları nə qədər güclü olacaqsa, o qədər də nifrətlə bizi parçalayacaqlar. Ədalətsizliyin sağlam və güclü alovu sevinclə gözlərində parlayacaq. Axı məhz incəsənət – zorakılıq, qəddarlıq və ədalətsizlik elə məhz budur…

                                                                          ***

Çoxumuzun hələ otuz yaşı yoxdur, ancaq bütün sərvətimizi puç etmişik – qüvvəmizi, sevgimizi, cəsarətimizi, inadımızı. Biz tələsirdik, basabasda hər şeyi tulladıq, hesabsız və halsızlaşınca… 

Ancaq bizə baxın! Hələ nəfəsimiz kəsilməyib! Ürəklərimiz aramla döyünür! Bəs necə, axı sinəmizdəki od, nifrət və sürətdir!… Nədi, təəccübləndiniz? Sizin özünüzün bütün həyatınızdan xatırlamalı bir şey yoxdur… 

Və yenə də zirvədən ulduzlara meydan oxuyuruq!..

İnanmırsız? Yaxşı, olsun! Olsun! Bunları artıq eşitmişəm. Əlbəttə! Əvvəldən bilirik, bizim güya gözəl ağlımız nə deyəcək. Biz, deyəcək, yalnız əcdadlarımızın sələfləri və davamıyıq… 

Nə olsun! Lap elə belədir! Neyləyək?!. Adam eşitmək istəmir! Bu sərsəmliyi təkrarlamaqdan əl çəkin! Yaxşısı budur, başınızı dikəldin! 

Və yenə də zirvədən ulduzlara meydan oxuyuruq!.. 

Комментариев нет: