Professor Asif Hacılının tərcümə və təqdimatında:
VLADİMİR SOLOVYOVUN “İNCƏSƏNƏTİN ÜMUMİ MƏNASI” məqaləsi
Təbiətdə gözəl bitən və kətanda gözəl çəkilmiş eyni bir ağac eyni cür estetik təəssürat oyadır, eyni estetik qiymətə caizdir və hər iki halda bu qiyməti bildirən söz də eyni olur. Lakin hər şey yalnız bu zahiri, səthi eyniyyətlə məhdudlaşsaydı, onda soruşmaq olardı və həqiqətən də soruşublar: gözəlliyin belə ikiləşdirilməsi nəyə lazımdır? Təbiətdə gözəl olanı rəsmdə təkrarlamaq uşaq əyləncəsi deyilmi? Adətən bu suala belə cavab verirlər ki, sənət gerçək predmet və hadisələrin özünü yox, yalnız sənətkarın baxışını əks etdirir, həqiqi sənətkar isə yalnız tipik, səciyyəvi cəhətləri görür; təbii nəsnələrin estetik ünsürü sənətkar təfəkkürü və təxəyyülündən süzülərək, maddi təsadüfiliklərdən təmizlənir və beləliklə şişirdilir,parlaqlaşır, təbiətdə, onun forma və rənglərində səpələnmiş gözəllik rəsmdə təmərküzləşmiş, qatılaşmış, qabardılmış verilir. Lakin bu izah artıq ona görə qaneedici deyil ki, o, bir çox sənət sahələrinə qətiyyən tətbiq edilə bilməz. Məsələn, Bethovenin sonatalarında hansı təbiət hadisələri qabardılıb? Yəqin ki, sənət və təbiətin estetik əlaqəsi daha dərin və əhəmiyyətlidir. Həqiqətən, bu, təkrardan yox, təbiətin başladığı bədii işin – eyni estetik vəzifənin sonrakı və daha tam davamından ibarətdir. Təbii prosesin nəticəsi iki mənada insandır: əvvəla, ən ülvi gözəllik kimi, ikincisi, ən şüurlu təbii varlıq kimi. Bu son keyfiyyəti ilə insan özü dünya prosesinin nəticəsindən yaradıcısına çevrilir və belədə onun ali idealına – kainatın mənəvi və maddi, ideal və real, subyektiv və obyektiv amil və ünsürlərinin tam çulğaşması və azad həmrəyliyinə daha mükəmməl uyğun gəlir. Lakin soruşa bilərlər, nəyə görə təbiətin başladığı və insanın davam etdirdiyi bütöv dünya prosesini estetik tərəfdən, hansısa bədii məsələnin həlli kimi təsəvvür edirik? Onun məqsədi kimi haqq və xeyirin gerçəkləşməsini, idrak və iradənin təntənəsini qəbul etmək yaxşı deyilmi? Əgər cavabında xatırlatsaq ki, gözəllik öz təcəssümünə qədər xeyir və həqiqət adlanan ieal məzmunun hissi formalarda ifadəsidir, onda bu cavab da yeni etiraz doğuracaq. Sərt moralist deyəcək ki, xeyir və həqiqətin estetik təcəssümə ehityacı yoxdur. Xeyirxahlıq etmək və həqiqəti bilmək – lazım olan yalnız budur…
Əgər mənəvi ahəng öz səbablılığı üçün varlığının mühiti və vasitəsi olaraq maddi təbiətə əsaslanmalıdırsa, onda öz tamlığı və kamilliyi üçün gerçəkliyin maddi əsasını da bu məqamda estetikləşən etikliyin müstəqil hissəsi kimi ehtiva etməlidir. Belə ki, maddi varlıq mənəvi aləmə yalnız nurlanaraq, ruhsallaşaraq, yəni gözəllik formasında daxil edilə bilər. Beləliklə, gözəllik maddi aləmdə xeyirin təsdiqi üçün lazımdır, çünki dünyanın şər zülməti yalnız onunla nurlanır və ram edilir…
Hegel estetikasına görə gözəllik universal və əbədi ideyanın fərdi və keçici nəsnələrdə təcəssümüdür və eyni zamanda bu nəsnələr elə keçici olaraq da qalırlar, – maddi proses axınında ötəri dalğalar kimi əbədi ideyanın parıltısını bir an əks edərək yox olurlar. Lakin bu, mənəvi və maddi tərəflər arasında biganə, etinasız münasibət olduqda mümkündür. Həqiqi və kamil gözəlliksə bu iki ünsürün tam həmrəyliyini və çulğaşıqlığını ifadə edərək, bunlardan birini (maddini) zərurətlə digərinin ölməzliyinə bağlamalıdır.
Fiziki aləmin gözəl nəsnələrinə müraciət etsək, görərik ki, onlar heç də kamil gözəllİyin deyilən tələb və şərtlərinə uyğun deyillər. Birincisi, təbii gözəllikdə ideal məzmun kifayət qədər şəffaf deyil, o, burada öz sirli dərinliyini tam açmır, yalnız ən ümumi cizgilərini aşkarlayır, belə desək, fərdi, konkret hadisələrdə mütləq ideyanın ən elementar əlamət və xüsusiyyətlərini sərgiləyir. Deyək ki, işıq öz hissi keyfiyyətlərində ideal başlanğıcın hər yerə sirayətediciliyini və çəkisizliyini aşkarlayır; bitkilərdə həyati ideyanın ekspansivliyi və yer ruhunun mövcudluğun ali formalarına can atması təzahür edir; gözəl heyvanlar həyati moitvlərin mürəkkəb tamda birləşmiş və həyati qüvvələrin azad oyununa imkan verəcək qədər tarazlaşmış intensivliyini ifadə edir və s. Bütün bunlarda şübhəsiz ki, ideya təcəssüm olunur, ancaq ən ümumi və səthi şəkildə, yalnız zahirən. Təbii gözəllikdə ideal başlanğıcın belə səthi maddiləşməsinə materiyanın beləcə də səthi ruhsallaşması uyğun gəlir. Forma və məzmun arasında təzad görüntüsü buradandır: tipik yırtıcı heyvan çox gözəl ola bilər (burada təzad yalnız görüntüdür, çünki təbii gözəllik öz səthi səciyyəsinə görə həyat ideyasını onun daxili, mənəvi keyfiyyətində deyil, yalnız zahiri, fiziki əlamətlərində, deyək ki, güc, sürət, hərəkət azadlığı və s. baxımından ifadə etməyə qabildir). Təbii gözəlliyin digər qeyri-kamil cəhəti bununla bağlıdır: o, maddi varlığa daxilən və tam (bütün hissələrinə) nüfuz etməyərək, onun eybəcərliyini yalnız zahirən və ümumən pərdələdiyindən, bu gözəllik də yalnız ümumi şəkildə, öz ümumi nümunələrində dəyişməz və əbədi qalır – cins və növlərdə; hər bir ayrıca gözəl nəsnə və varlıq isə maddi prosesin hökmü altındadır. Və bu proses əvvəlcə onun gözəl formasını zədələyir, sonra isə onun özünü tam dağıdır. Gözəlliyin bütün fərdi təzahürlərinin belə davamsızlığı naturalizm baxımından qaçılmaz qanundur. Lakin hər şeyi qəhr edən maddi prosesin belə təntənəsi ilə heç olmasa nəzəri şəkildə barışmaq üçün gözəlliyin və ümumən dünyadakı bütün idealın insan təxəyyülünün subyektiv illüziyası olduğunu qəbul etmək gərəkdir. Ancaq biz bilirik ik, gözəlliyin obyektiv mənası var, o, insan aləmi xaricindədir, təbiət özü gözəlliyə biganə deyil. Və belə olduqda, əgər təbiət kamil gözəlliyi fiziki həyatda gerçəkləşdirə bilməyibsə, onda o əbəs yerə nəhəng əmək və zəhmət, dəhşətli fəlakətlər və eybəcər, lakin son məqsəd üçün zəruri olan törəntilər hesabına bu sahədən şüurlu insan həyatı sferasına yüksəlməyib. Fiziki həyat vasitələri ilə yerinə yetirilməyən məsələnin öhdəsindən insan yaradıcılığı ilə gəlinə bilər.
Buradan ümumən sənətin üçlü vəzifəsi aydınlaşır: 1) canlı ideyanın təbiətlə ifadə oluna bilməyən dərin daxili əlamət və xüsusiyyətlərinin birbaşa obyekivləşməsi; 2) təbii gözəlliyin ruhsallaşdırılması və bununla 3) onun fərdi təzahürlərinin əbədiləşməsi. Bu, fiziki həyatı mənəvi həyata çevirmək deməkdir, yəni elə bir həyata ki, əvvəlan, özündə öz sözünü və ya Vəhy daşıyır, kənara müstəqil açıqlana bilir, ikincisi, materiyanı daxilən dəyişə, ruhsallaşdıra və ya onda həqiqətən təcəssüm oluna bilir. Üçüncüsü, maddi prosesin hökmündən azaddır və buna görə əbədidir.
Bu ruhi tamlığı gerçəklikdə kamil təcəssüm etmək, mütləq gözəlliyi təsbitləmək və ya cahanşümul ruhsal orqanizm yaratmaq – incəsənətin ali vəzifəsi budur. Aydındır ki, bu vəzifənin yerinə yetirilməsi bütün dünya prosesinin sonu ilə üst-üstə düşəcək. Tarix davam etdikcə, bizdə kamil gözəlliyin yalnız fərdi və qırıq önləmələri (antisipasiyalar) ola bilər; mövcud sənət növləri gerçəkliyimizdəki əbədi gözəllik işartılarını tutaraq və davam etdirərək gələcəyi qabaqlayır, hiss etdirir və beləliklə də təbiət gözəlliyi və gələcək həyatın gözəlliyi arasında keçid, birləşdirici həlqə kimi xidmət edir. Bu cür anlaşılan sənət boş əyləncə olmaqdan qurtarır və vacib, ibrətamiz işə çevrilir. Ancaq qətiyyən didaktik moizə mənasında yox, ilhamlı peyğəmbərlik anlamında. İncəsənət və din arasında bir vaxtlar mövcud olmuş qırılmaz əlaqələrdən aydınlaşır ki, sənətin belə yüksək mənası ixtiyari tələb deyil. Dini və bədii fəaliyyət arasında bu ilkin vəhdəti biz, əlbəttə, ideal hesab etmirik. Həqiqi, tam gözəllik insan elementinin ibtidai mədəniyyətdəkindən geniş meydanını tələb edir və sosial həyatın daha yüksək və mürəkkəb inkişafını nəzərdə tutur. Din və incəsənət arasındakı müasir ayrılığa isə biz onların qədim qovuşuqluğundan gələcək azad sintezinə keçid kimi baxırıq. Elə həqiqi sənətdə işartılarını tapdığımız o kamil həyat da insan elementinin ilahidə əriməsinə deyil, onların azad qarşılıqlı münasibətinə əsaslanacaq.
İndi biz həqiqi sənətin ümumi tərifini mahiyyətcə verə bilərik: hər hansı bir predmet və ya hadisənin onun son halına nəzərən və ya gələcək həyat işığında istənilən hissi təsviri bədii əsərdir.
Комментариев нет: