Mirzə Cəlili, Sabiri inkar etmək?!

Yazar Unknown вторник, 3 февраля 2015 г. 0 коммент.


Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacılı 

kult.az-ın satira ilə bağlı başladığı müzakirəyə qoşulur. 



 Satira – qaynaqları qədimlərə gedən klassik janrdır və məğzini ironiya, sarkazm, qrotesk kimi komik vasitələrlə cəmiyyətdəki müəyyən qüsurların ifşası təşkil edir.

 Bu məlum tərifi verməyimin məqsədi 1937.az-ın “Satrik şeir indi niyə yazılmır? Satira bir üslub kimi artıq köhnəlibmi?” sualı ətrafında açdığı müzakirəyə münasibətimi əsaslandırmaqdır. 

Satira klassik dövrün, daha doğrusu, klassik-rasional təfəkkür dövrünün hadisəsidir. Cəmiyyət köhnəlir, yeni təfəkkür gəlir, ancaq əxlaqi, mənəvi, sosial qadağalar qəfil dağılmır. Və bunları eyhamlı vasitələrlə dolayısı ilə sarsıtmağa cəhd göstərilir. Ona görə yox ki, cəsarət çatmır. Ona görə ki, bu yasaqlar müəllifin – deyək ki, Mirzə Cəlilin, Sabirin öz içindədir və onlar öncə öz buxovlarını açmalıdırlar, özlərini aşmalıdırlar, sonra cəmiyyəti sarsıtmalıdırlar. 

Qeyd edim ki, bu, milliliyə və millətçiliyə zidd deyil, bir çox azadfikirli, müasir düşüncəli istedadlı gənclərimizin Mirzə Cəlili, Sabiri inkar etmələri, bu baxımdan, əsaslı deyil, məncə, gəncliyə xas təbii inqilabçılığın əlamətidir.





Satira bu dövrdə – XX əsrin əvvəllərində daha aktual idi, çünki cəmiyyətin real təməli və real dəyərləri, eləcə də real dəyərsizlikləri var idi. Ancaq indi biz postindustrial, bir qədər də irəli gedərək, yüksək texnologiyalar və bu dövrün fəlsəfi zəmini olan postmodernizm dövrünü yaşayırıq. Postmodern təfəkküründə idrakdan kənarda reallıq şərtidir, daha doğrusu, yoxdur. 

Postmodern təfəkkürdə dünya-mətn eyniyyətidir, mətn mətn içindədir, mətn kontekstindədir. Kənar gerçəklik ikincidir, üçüncüdür, şərtidir. Buna görə də klassik eyhama, sarkazma ehtiyac qalmır. Mətn – şüur, mətn – dünya ortaqlığında eyhama ehtiyac qalmır, sitata ehtiyac yaranır. Buna görə də satiranın zəifləməsini mən cəsarətsizlik kimi deyil, əksinə, gerçəyə alternativ öz aləmini bir model kimi ortaya qoyan gənc müəlliflərimizin azadfikirlliyinin, sosial və ən əsası – daxili, mənəvi buxovlardan azad olmasının əlaməti kimi anlayıram. 

Bu, onların nəinki yaradıcılığında, davranış, görkəm, bütöv həyat tərzi və üslublarında da sezilir və təbii hadisə kimi də qəbul edilməlidir.

Комментариев нет: